Logo

Azərbaycan Basketbol Federasiyasının yeni loqosu və milli komandanın formaları təqdim edilib - FOTOLAR

17.05.2022 18:38 455 baxış
IMG

Mayın 17-də Azərbaycan Basketbol Federasiyasının yeni loqosu, devizi və milli komandanın formaları təqdim edilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ali təhsil müəssisələrinin rəhbərləri qatılıblar.

Tədbirdə açılış nitqi ilə çıxış edən ABF-in seleksiya üzrə baş koordinatoru Zərbəli Sahibcanov federasiyanın əsas məqsədinin gənc nəslə basketbolu sevdirmək olduğunu bildirib.

Tədbirdə çıxış edən federasiya prezidenti Emin Əmrullayev təhsil sistemi ilə basketbolun vəhdətinin təşkili üçün çalışdıqlarını bildirib. Emin Əmrullayev qeyd edib ki, basketbol idman növünə maraq böyükdür, amma uşaqlar arasında kütləviliyinin təmin olunması üçün məqsədyönlü işlərin görülməsi vacibdir. Bununla yanaşı, gənc idmançıların həm idmanla məşğul olması, eyni zamanda təhsilə diqqət etmələri üçün işlər görülməlidir. Uğur əldə etmək üçün intellekt də önəmlidir. Təhsil Nazirliyi olaraq məktəblərdə basketbolun inkişaf etdirilməsi əsas məqsədlərdən biridir. Uşaq basketbolu üzrə dünyanın tanınmış mütəxəssislərini də cəlb etmək və onlarla uzunmüddətli əməkdaşlıq etmək planlaşdırılır.

Daha sonra federasiyanın yeni loqosu və milli komandanın formaları təqdim edilib. Loqoda basketbol topu, meydançası, bayraq lentləri və buta simvolu əks olunub. Qeyd edilib ki, loqodan veb-saytlarda, milli komandanın formalarında istifadə ediləcək. Formalarda Azərbaycan yazısı və oyunçuların soyadı göstərilib.

Tədbirdə həmçinin federasiyasının yeni devizi- "Yeni nəfəs, yeni başlanğıc” da təqdim edilib.

Xəbər lenti