Logo

Mətbuat azadlığı

17.05.2022 00:17 732 baxış
IMG

Mətbuat demək olar ki, həyatımızın ayrılmaz bir hissəsidir. İnsanlar hər gün ölkədə və dünyada baş verən hadisələrdən mətbuat vasitəsilə xəbər tutur. Mətbuat xəbərləri insanlara düzgün və vaxtında çatdırılmağa yönəlib. Yarandığı gündən mətbuat insanları maarifləndirməyə çalışır, elə mətbuatın yaranma səbəbi də budur deyə bilərik.

Azərbaycanda mətbuatın əsası H.Zərdabinin müəllifliyi ilə “Əkinçi” qəzeti ilə qoyulub. Sözügedən qəzetin məqsədi insanları həmin dövrdə baş verən hadisələrdən xəbərdar etmək, qəflət yuxusundan ayıltmaq idi. “Əkinçi”dən bəri mətbuatımız uzun və keşməkeşli bir yol keçib. Təqiblərə, təhdidlərə, basqılara rəğmən özünün cəmiyyətdəki rolunu qoruyub saxlamışdır. 

O dövrdə mətbuat azadlığı demək olar ki, mövcud deyildi. Buna baxmayaraq, mətbuatımız insanlara nəyisə ötürməyə çalışırdı. Buradan bu nəticəyə gəlirik ki, mətbuatın əsas vəzifəsi yerindən, zamanından, şəraitindən asılı olmayaraq, insanları düzgün maarifləndirməkdir.  

Bəs mətbuat azadlığı nədir?! Bəzən bu ifadəni yanlış anlayırlar. Bəzən isə “mətbuat” sözünün anlamını belə bilməyənlər özünü mətbuat işçisi hesab edərək və qələmə verərək mətbuatımıza xələl gətirirlər. Onlar elə hesab edirlər ki, mətbuat azadlığı, ümumiyyətlə, azadlıq düşüncələrini, fikirlərini qışqıraraq, xoşagəlməz ifadələrlə, asayişi pozaraq ifadə etməkdir. Əslində isə deyə bilərik ki, mətbuat azadlığı fikirlərini etika və qanun çərçivəsində insanlara çatdırmaqdır. Mətbuat müəyyən bir kütləyə təsir edir, bu təsirin mənfi olmamağını tarazlaşdırmaq lazımdır. Mətbuatdan düzgün istifadə olunmadıqda isə bu tarazlıq pozulur və mətbuat haqqında mənfi fikirlər meydana gəlir.

Bu gün mətbuatdan düzgün istifadə etməyənlər kifayət qədər çoxdur, belə olduğu halda isə insanlarda mətbuata qarşı güvənsizlik yaranır, buna görə də mətbuata da müəyyən qədər bariyerlər qoyulmalıdır.

Artıq XXI əsrdir və qəzetlərdən bir o qədər də istifadə olunmur. İnsanlar sosial şəbəkələrə daha çox üstünlük verirlər, çünki rahatdır “evimizin içindədir”, amma sosial şəbəkələrdə olan azadlıq insanlara çox ziyan vurur. Azadlıq sözlə tam olaraq izah edilə bilinməyəcək qədər gözəl bir məfhumdur, amma hər şeyin çoxu ziyandır. Necə deyərlər, azadlıq istədiyin hər şeyi etmək yox, istəmədiyin şeyləri etməməkdir.

Mətbuat azadlığı mövzusu illərdir ki, aktualdır. Yazaraq bitirilə bilinəcək mövzu deyil. Azərbaycanda isə mətbuat, ümumiyyətlə, yazaraq, danışaraq bitəcək mövzu deyil. Azərbaycan mətbuatının M.Ə. Rəsulzadə, C. Məmmədquluzadə kimi çox görkəmli nümayəndələri olub.

Çox yox, yaxın keçmişə nəzər salsaq, Azərbaycanın S. Əsgərova, Ç. Mustafayev kimi qəhrəman mətbuat işçiləri olub. Onlar təhlükəli şəraitdə belə olsa, heç nədən çəkinmədən qəhrəmancasına öz işlərini yerinə yetiriblər. Çox çətin bir şəraitdə insanları başverənlərdən xəbərsiz qoymamağa çalışıblar. 

Yenə də çox uzağa yox, bir il əvvələ müraciət edək. İkinci Qarabağ müharibəsi dövründə mətbuat sıxışdırılırdı. Erməni mətbuatı yalan məlumatlarla vətəndaşlarını aldadırdı, lakin Azərbaycanımızda bütün xəbərlər dəqiq və yerində çatdırılırdı. Hətta cənab prezidentimiz İ.Əliyev müharibə zamanı baş verən bütün hadisələri birbaşa öz Twitter hesabından insanlara çatdırırdı. Əsl mətbuat azadlığı budur demək olar.

Bu günün ən böyük silahı informasiyadır. İnformasiyalar mətbuat vasitəsilə çatdırılır. Silahdan düzgün istifadə etmək həm müdafiədir, həm də hücum.  Mətbuat dünənimiz, bu günümüz, sabahımızdır. Tarixin gizli məqamları, bu günün zəfərləri, gələcəyin hədəfləri mətbuatda yer alır.
Əbəs yerə deyil ki, M.Ə. Rəsulzadə mətbuatı millətin çırağı hesab edirdi.

M.Ə. Rəsulzadə “Mətbuat azadlığı" məqaləsində yazırdı: "Hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər millətin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır. O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun.” 

Nəticə etibarı ilə deyə bilərik ki, mətbuat  millətin taleyində aparıcı rol oynayır, buna görə mətbuat, mətbuat azadlığı anlayışını düzgün qiymətləndirib doğru tətbiq və təbliğ etmək lazımdır.

Niftullayeva Səkinəxanım,

Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin 1-ci kurs tələbəsi

Xəbər lenti