Azərbaycan Texniki Universitetində (AzTU) Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə heyətinin sədri Araz Paşayevin tələbələrlə görüşü keçirilib.
AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, məqsəd təhsil tələbə kreditləri ilə bağlı birgə məlumatlandırma işinin təşkili istiqamətində müzakirələrin aparılması və universitetlə daha sıx əməkdaşlıq imkanlarını nəzərdən keçirməkdir.
Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Təhsil Tələbə Krediti Fondunun yaradılmasının əhəmiyyətindən danışıb. Rektor bildirib ki, fondun təsis edildiyi vaxtdan indiyə kimi AzTU-da tələbələr arasında mütəmadi olaraq təhsil tələbə krediti haqqında məlumatlandırma işləri həyata keçirilir və bu ənənə bundan sonra da davam etdiriləcək. Vilayət Vəliyev qeyd edib ki, təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə təhsil tələbə krediti vasitəsilə maddi dəstəyin verilməsi ölkə başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğının daha bir nümunəsidir.
Daha sonra çıxış edən TTKF-in İdarə Heyətinin sədri Araz Paşayev təhsil tələbə kreditlərinin digər kreditlərdən fərqli və üstün cəhətləri barədə danışıb. Qeyd edib ki, sözügedən kredit təhsil haqqı xərclərini ödəməkdə çətinlik çəkən tələbələrin bu ödənişləri qarşılaya bilməsi məqsədi daşıyır.
Tədbirdə TTKF-in fəaliyyət istiqamətləri, təhsil tələbə kreditinə müraciət qaydaları və verilməsi meyarları barədə geniş məlumat verilib. Araz Paşayev Fondun fəaliyyətinin əsas istiqamətinin təhsilə əlçatanlığı təmin etmək, tələbələrə təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı, təhsilin əhatə dairəsini genişləndirmək və keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğulayıb.
Görüşdə elektron sistemin işləmə mexanizmi slaydlar vasitəsilə nümayiş olunub, tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.



