Logo

Ukraynalı tələbələr üçün Heydər Əliyevə həsr edilmiş mühazirə oxunub

16.05.2022 15:42 330 baxış
IMG

Mayın 13-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində ukraynalı tələbələr üçün “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda onlayn mühazirə oxunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən (BBMM) AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan multikulturalizmi” fakültativi çərçivəsində təşkil edilmiş tədbirin spikeri Azərbaycan Milli Məclisinin deputatı Ceyhun Məmmədov, moderatoru BBMM-in Ukraynadakı nümayəndəsi, fakültativ müəllimi Marına Qonçaruk olub. Mühazirə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib.

Ceyhun Məmmədov öz çıxışında Heydər Əliyevin müasir Azərbaycanın memarı, Azərbaycan multikulturalizmin siyasi banisi olduğunu vurğulayıb, Azərbaycan xalqının tarixində, o cümlədən Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafında ümummilli liderin rolu barədə danışıb.

Tədbirin moderatoru Marına Qonçaruk Heydər Əliyevin xatirəsinə həsr edilmiş müsabiqələrdə ukraynalı tələbələrin iştirakı barədə söhbət açıb, vurğulayıb ki, tələbələr həmişə iki dövlət arasında strateji tərəfdaşlıq, Ukrayna və Azərbaycan xalqları arasında səmimi dostluq səviyyəsində olan Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında Heydər Əliyevin rolunu öyrənirlər və bu barədə məlumatlıdırlar.

Marına Qonçaruk xüsusi qeyd edib ki,2000-ci il mart ayında Ukrayna Prezidenti Leonid Kuçmanın Azərbaycana səfərindən sonra Ukrayna-Azərbaycan münasibətləri daha da genişlənib.

“Dneprovskaya Politexnika” Milli Texniki Universitetinin Ukrayna-Azərbaycan mədəni-işgüzar mərkəzinin direktoru Gennadi Onişşenko bu tədbirin təşkilinə görə Marına Qonçaruka və tələbələr üçün mühazirəyə görə Ceyhun Məmmədova təşəkkürünü bildirib. Onişşenko xüsusi vurğulayıb ki, ukraynalı tələbələr məşğələlərə səliqə ilə gəlir və Azərbaycanı öyrənməyə böyük maraq göstərirlər. Bununla əlaqədar, Marına Qonçaruk və Gennadi Onişşenko ukraynalı tələbələrin beynəlxalq proqramlar çərçivəsində Azərbaycana səfərlərinə kömək göstərmələrini xahiş ediblər.

Mühazirədə “Dneprovskaya Politexnika” Milli Texniki Universitetinin, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin, Taras Şevçenko adına Kiyev Milli Universitetinin tələbələri iştirak ediblər.

Xəbər lenti