Logo

Seymur Baycan: "Üzeyir Mehdizadə Alim Qasımovdan daha dəyərli sənətkardır" - MÜSAHİBƏ

16.05.2022 09:30 175 baxış
IMG

Kulis.az yazıçı-publisist Seymur Baycanla müsahibəni təqdim edir.

– Bu yaxınlarda sizin “Gecikmiş hekayələr” kitabınızı və nəşrə hazırlanan “Mənasız hekayələr”inizi oxudum. (Redaktə və korrektə üçün - V.B) Ümumiyyətlə, sizin hekayələrinizin finalı həmişə sakit olur, başqa yazıçılar kimi hekayənin sonunda yağlı nida qoymursunuz. Oxucu finalın yarımçıq qaldığını hiss edir. Bunu bilə-bilə edirsiniz, yoxsa sadəcə yazı prosesində bu belə alınır?

– Son illərdə bir oxucu, bir tamaşaçı kimi səsli-küylü əsərlərə heç dözə bilmirəm. İstəyirəm əsərdə hər şey çox sakitcə, səssiz-küysüz baş versin. Bu mənada, məsələn, yapon rejissoru Odzu mənim üçün son illərdə ən nəhəng rejissorlardan birinə çevrilib. Onun filmlərini xüsusən “Tokio povesti” filmini çox sevirəm. Odzunun filmlərindəki səssizlik məni heyran edir.

Sırf öz yazdıqlarıma gəldikdə isə sakit mətnlər yazmağım daha çox “Başından bezən adam” hekayələr kitabından başladı. Bunu ilk hiss edən adam Zamin Hacı oldu. Kitabı oxuyandan sonra kitab haqqında söhbətimiz olmuşdu. Mənə dedi ki, adamları çox sakitcə öldürməyə başlamısan. Bu sözləri bir tərif kimi dedi. Elə mən də bir tərif kimi qəbul etdim. Sonralar “Gecikmiş hekayələr”, “On doqquz hekayə” kitablarında sakit mətnlər yazmaq məsələsində ayağımı lap qaza basdım…

Hekayə janrında, əsasən, iki xətt var. O Henri xətti və Çexov xətti. O Henrinin məşhur “Ən əziz hədiyyə” hekayəsində söhbət necədir? Arvad saçın satıb ərinə cib saatı üçün zəncir hədiyyə alır. Kişi də saatın satıb arvadına daraq hədiyyə alır. Belə bir düşüklük. Adamın əti zərrə-zərrə, qram-qram yox, kilo-kilo tökülür. Amma oxucuların, elə tənqidçilərin, yazıçıların da əksəriyyətinin hekayə haqqında aşağı-yuxarı təsəvvürləri belədir ki, hekayənin sonunda mütləq nəsə hadisə baş verməlidir, hekayə mütləq mənalı sonluqla bitməlidir, yazıçı nələrsə uydurub həyata mənalar yükləməlidir. Mən hekayədə həyata zorla məna yükləməyin qəti əleyhinəyəm. Həyatın adi ritmindən, insanların adi hərəkətlərindən sakit, həyəcansız hekayələr yazmağa üstünlük verirəm.

– Bəs başa düşülməmək sizi narahat etmir?

– Əlbəttə, nə yazdığını başa düşən oxucuları görmək çox xoş hissdir. Hər şeydən əvvəl oxucunun hazırlığına, zövqünə sevinirsən. Təəssüf ki, bu xoş hisslə əksər hallarda başqa millətlərdən olan oxucuların vasitəsi ilə tanış olmuşam. “Bu xoş hiss” dedikdə “kitabınızı oxudum xoşuma gəldi” kimi standart tərifləri nəzərdə tutmuram. “Quqark”da, “Həyatımın ən xoşbəxt günü” hekayələr kitabında, “Ana ürəyi”ndə özümün belə deyək sevdiyim, qiymət verdiyim yerləri bilmirəm nədənsə başqa millətlərdən olan oxucular daha çox tutublar. Xüsusən “Quqark” haqqında tutarlı izahları, əsaslandırılmış tərifləri başqa millətlərdən olan oxuculardan daha çox eşitmişəm. Bunun iki səbəbi ola bilər. Birincisi, yəqin ki, onlar, həqiqətən, daha hazırlıqlı, daha zövqlü oxuculardır. İkincisi, öz ölkəsində peyğəmbər olmur, sözündəki ağır həqiqəti qəbul etmək məcburiyyətindəyik. Kitablarımın üstündə Seymur adının əvəzinə Maykl, ya da Jons, Bons, Mons adı yazılsaydı, özüm də azərbaycanlı yox, nə bilim, tutaq ki, amerikalı olsaydım azərbaycanlı oxucular yazdıqlarımı bəh-bəhlə oxuyardılar.

İllər əvvəl şıltaq bir hərəkət etmişdim. Hekayələrimdən birini italyan yazıçısının hekayəsi kimi sayta yerləşdirmişdim. Ayrı vaxtı məni söyən, təhqir edən, sən nə vaxtdan yazıçı oldun? deyən adamlar hekayəyə bəy tərifi vururdular. Mən isə qıraqdan onlara baxıb sakit-sakit gülürdüm. Həm də, nə gizlədim, təəssüf hissi keçirirdim. Nə etmək olar, uzaq yerin halvası şirin olur…

Təxminən iki ay əvvəl “Qanun” nəşriyyatında nəşr olunmuş “Dünyanın ən yaxşı 50 hekayəsi” kitabın oxudum. Mənim “Qab-qacaq səsi” hekayəm sırf ədəbiyyat nöqteyi-nəzərdən kitabdakı hekayələrin yarısından güclüdür. Hələ heç “Sentimental səyahət” hekayəmdən danışmıram. Hə, onu da mütləq qeyd etməliyəm ki, kitabdakı hekayələrin yarısı “dünyanın ən yaxşı hekayəsi” kimi iddialı qiymətləndirməyə layiq deyildi...

Başa düşülməmək adlı problemi özüm üçün çoxdan həll etmişəm. Başa düşülməmək adlı problemi qətiyyətlə həll etməsən gərək ayağını uzadıb öləsən. Əlinə qələm alıb heç nə yazmayasan. “Ana ürəyi” nəşr olunanda neçə-neçə adam mənə yazdı ki, o nə bayağı əsərdir yazmısan? Sakitcə qəbul edirdim bu fikirləri. Çox nadir hallarda nəyisə izah edirdim. Məktubdan hiss edirdim ki, adamın qabında nəsə var. Ona nələrsə izah edib, zövqünü cilalamaq olar. Bax o zaman nəsə izah edirdim. “Ana ürəyi”ndə oğlan, əsərin qəhrəmanı əlində anasının ürəyi şəhərdə gəzir. Dodağının altında isə Əlifba kitabından yadına düşən “Tutu topu tut. Tutu topu tutdu” cümlələrini təkrar edir. Sənə doğrusunu deyirəm, Azərbaycan nəsrində heç kim bu həddə gəlib çata bilməyib. Kim olduğumu, hansı səviyyədə mətnlər yazdığımı, özümün zəif və güclü tərəflərimi dəqiq bilirəm. Ona görə də başa düşülməmək məsələsində lazım olduğu qədər rahatam.

 “Mənasız hekayələr”i bitirəndən sonra bir şeyi dərk etdim və xeyli təəccübləndim. Siz mənalı və mənasız mətni bir-birindən ayıra bilirsiniz. Bəs necə olub ki, həqiqətən də, "mənasız hekayələr" yaza bilmisiniz? Adam istəyərək, oturub elə mənasız hekayələr yaza bilməz. Bu da məncə peşəkarlığın bir növüdür. Oxucuya bir növ bu mesajı da vermək istəyirsiniz?

– Söhbətimizin əvvəlində yapon rejissoru Odzunun adın çəkmişdim. Odzunun filmlərinə baxanda bu sual haqqında çox düşünmüşəm. Görəsən, Odzu bu həddə necə çatıb? Bu sakit filmləri necə çəkib? Bu sırf texnikadır, peşəkarlıqdır, yoxsa həyat fəlsəfəsi, həyatındakı şərtlər, bir insan kimi təbiəti belə filmləri çəkməyi diktə edib. Birmənalı olaraq bu suala cavab tapa bilməmişəm. Çox güman həm peşəkarlıq, texnika, həm də həyat fəlsəfəsi, təbiəti elə sakit filmlər çəkməsində ayrı-ayrılıqda hərəsi öz rolun oynayıb. Peşəkarlıq, təcrübə, texnika, həyat fəlsəfəsi, təbiəti bir-birin tamamlayıb. Əgər Odzu təbiətcə pafosa azacıq, çeçələ barmaq boyda meylli bir adam olsaydı onun peşəkarlığı, texnikası gorbagor olacaqdı. Heç nəyə yaramayacaqdı.

Ədəbiyyatdan misal gətirim. Məsələn, Şervurd Andersonun hekayələrində adamlar ən adi sözləri müqəddəs kəlam kimi tələffüz edirlər. Onların ən adi hərəkətləri hansısa müqəddəs bir ayini xatırladır. Obraz ilk baxışdan çox adi bir söz deyir. Əslində isə biz o adi sözü bir müqəddəs kəlam kimi qəbul etməliyik. Başa düşməliyik ki, ilk baxışdan adi görünən bu sözün altında çox böyük həqiqətlər yatır. Bu adi sözlə, əslində, bir insanın bütün həyatı, xoşbəxtliyi, bədbəxtliyi, peşmanlıqları, təəssüfləri ifadə olunub. Əlbəttə ki, bu həddə gəlib çatmaqda texnika vacib şərtdir. Amma məsələ ondadır ki, Andersonun loru dildə desək başı yerində olmayıb. O özün həvari hesab edirmiş. Ona görə onun obrazları ən adi sözləri müqəddəs kalam kimi tələffüz edirlər. Ən adi hərəkətlər edərkən sanki hansısa müqəddəs ayini yerinə yetirirlər. Yəni şərtlər bir deyil, bir neçədir.

Mənim hekayələrimdə vəziyyət bir az fərqlidir. Adamlar həqiqəti ifrat şablonların, bayağılıqların üzərində qurulmuş absurd situasiyalarla dərk edirlər. “Qərəzsiz arzular qəbiristanlığı” hekayəsində qəhrəman bazlığa gedir. Hekayədə ilk baxışdan hər şey çox bayağıdır. Hətta hekayə adama Orxan Gəncəbayın, İbrahim Tatlısəsin, Fərdi Tayfurun filmlərin xatırladır. Hər şey də çox bayağı təsvir olunub. Gecə klubundakı qızların standart qiymətləri var. Obyekti işlədən qadın qızları bir-bir göstərərək onların qiymətlərin deyir. Birdən qızlardan birinin qiymət çox qalxır. Hekayənin qəhrəmanı görür ki, bu qiyməti çox olan qızın görünüşcə başqa qızlardan elə bir fərqi yoxdur. Vəziyyətin belə hal alması onun təəccübünə səbəb olur. Bu qızın o biri qızlardan niyə belə baha olmasının səbəbini obyekti işlədən arvaddan soruşur. Məlum olur ki, bu qızla ilk dəfə Rafet El Roman əlaqədə olub. “Macəra dolu Amerika” mahnısını oxuyan Rafet. Ona görə də bu qızın qiyməti belə bahadır. Təsəvvür et, adamlar məhz buna görə bu qıza daha çox pul verirlər və həyatlarındakı boşluğu bu yolla doldurmaq istəyirlər.

İnsan təbiət etibarı ilə eqoistdir. Hər hansı formada həyatına rəng əlavə etmək, başqalarından seçilmək istəyir. İndi gör insanın həyatı nə qədər boş olmalıdır ki, o öz həyatındakı boşluğu Rafetlə əlaqədə olmuş bir qızla əlaqəyə girməklə doldurmağa çalışır. Bir növ Rafet bu qızın vasitəsilə insanların həyatlarındakı boşluqları doldurur. İşin faciəvi tərəfi ondan ibarətdir ki, bu qızın həqiqətən Rafetlə əlaqədə olması dəqiq bəlli deyil. Nə bilmək olar, bəlkə də, o qız öz qiymətini qaldırmaq, özün mataha mindirmək üçün belə bir əhvalat qurub. Hekayədə bayağılıq getdikcə daha da artır. Qəhrəman obyektdə köhnə qız tanışı ilə rastlaşır. Onlar söhbət edərkən birdən qız dik atılır. Demə bunun qasıq hissəsinə haradansa bir qarışqa gəlib girib. Qız qarışqanı oradan çıxarır. Başlayır qarışqanı danlamağa. Sən orda nə gəzirsən? Sənin orda nə işin var? Qız bu sözləri elə səmimiyyətlə deyir ki, hekayənin qəhrəmanının qarışqaya paxıllığı tutur. Sonra qız qarışqanı atmaq istəyir. Amma qəhrəman qoymur. Alır qarışqanı onun əlindən. Kibrit qutusuna yerləşdirir. Evə qayıdanda qarışqanı kibrit qutusundan çıxarır. Qarışqaya baxa-baxa fikirləşir ki, həqiqətən də, həyat artıq ötüb keçib, heç nəyi artıq geri qaytarmaq mümkün deyil. Hekayənin qəhrəmanı həqiqəti qasıqdan çıxmış bir qarışqanın vasitəsilə dərk edir. Buyur, bu da sənə şablonların üzərində qurulmuş absurd situasiya ilə həqiqətin dərk olunmasının bariz nümunəsi. “Mənasız hekayələrdə” isə yaxşı mənada lap ağın çıxarmışam. Bütün hekayələr şablonların üzərində qurulmuş absurd situasiyalardan ibarətdir. Kitab yaxınlarda Qanun nəşriyyatında nəşr olunacaq. İndi başımı bir az dincə qoymuşam. Mayın sonlarından etibarən səviyyəsiz hekayələr yazmağa başlayacam.

– Həyatın adi ritmindən, sakitlikdən və texnikadan söz düşmüşkən, bir neçə gün əvvəl Aqşin Yeniseyin “Hərflərin vahiməsi” romanını oxudum. Açığı heç bəyənmədim, çox uğursuz bir roman idi. Onun niyə belə uğursuz roman yazdığını başa düşə bilmədim. Adam fikirləşir ki, görəsən, Aqşin nə üçün sakit, pafossuz, bəlağətsiz hekayələr, romanlar yazmır? Siz necə düşünürsüz? İntellektual mətn də bir mərhələdirmi, bu, hər kəsdə olur və bu mərhələni ötüb keçməlisənmi? Sualı təkcə Aqşinin timsalında verirəm, ümumiyyətlə, siz də bu cür mərhələ keçmisinizmi? Və ya bu mərhələni keçib sakit hekayələr yazmaq, boşluğa toxuna bilmək üçün nə lazımdır?

– “Hərflərin vahiməsi”ni oxumamışam. Oxumadığım əsər haqqında fikir bildirə bilmərəm. Əsər haqqında fikirlərini, səni narahat edən sualları Aqşinə ünvanlasan daha yaxşı olar...

Sən burda intellektual mətn deyərkən, yəqin, pafosu nəzərdə tutmusan. İntellektual mətn və pafos tamam başqa-başqa şeylərdi. Onları qarışdırmaq olmaz. Pafos haqqında çox danışmışam. Çox yazmışam. Dəhşətli dərəcədə zərərli bir şeydir. Əgər pafos varsa, sənət adamın heç nə xilas edə bilmir. Texnika, intellekt, istedad pafosun adlı zəhərin qarşısında acizdir. Mən çox intellektli, istedadlı, zəhmətkeş adamlar görmüşəm. Pafos onlara potensiallarını tam ortaya qoymağa imkan verməyib. Pafos qətiyyən bir mərhələ deyil. İnsan təbiətindən qaynaqlanır. Müalicəsi yoxdur. Müəyyən vaxtlarda hansısa səbəblərdən azala bilər, amma andıra qalmış, lənətə gəlmiş tam yox olmur. Pafos sənətlə məşğul olan adama üçün ən dəhşətli bəladır. Hətta tənbəllikdən, məsuliyyətsizlikdən də dəhşətli bəladır. Məndə heç vaxt pafos olmayıb. Olsaydı “18, 6 cm” kimi bir roman yaza bilməzdim. Son illərdə isə pafosa qarşı bir qram da dözümüm qalmayıb. Yaxınlarda Migel Asturiasın seçilmiş əsərlərin oxumaq istədim. Ona görə oxumaq istədim deyirəm ki, kitabı oxuya bilmədim. Pafos imkan vermədi. Əməlli-başlı boğuldum. Hərçənd özümü həddən artıq hövsələli oxucu hesab edirəm. Pafos yiyəsinin kim olması, onun aldığı mükafatlar, tirajı, məşhurluğu məni heç maraqlandırmır. Migel Asturias ədəbiyyat üzrə Nobel mükafatı alıb. Tam ciddi deyirəm Nazlı Çələbi Migel Asturiasdan güclü yazıçıdı. Pafos məni cinləndirir. Mənim üçün hal-hazırda Üzeyir Mehdizadənin “Sən birbaşa ürəksən” mahnısı Alim Qasımovun bütün yaradıcılığından daha qiymətlidir.

– “Mənasız hekayələr”inizdə ağır, pessimist bir hava var. Hekayələr adamın qanını qaraldır, kədərləndirir və məyus edir. Reallığı amansızcasına oxucuya göstərməklə nə demək istəyirsiniz? Yoxsa bu sadəcə ovqat məsələsidir? Yəqin ki, həmin hekayələri yazarkən ovqatınız təlx olub və ortaya elə hekayələr çıxıb.

– Konkret heç bir hadisə baş verməyib. Həyat haqqında düşüncələrim, gəldiyim nəticələr ayrı-ayrı hekayələrdə bu və ya digər formada öz bədii həllini tapıb. Bütün bunlar çox normal haldı. Elə belə də olmalıdır. Sadəcə kitabın yazılma prosesi çox çətin oldu. Qışda iki dəfə ağır xəstələndim. Bir dəfə lap gedib o tərəflərdə bir dövrə vurub qayıtdım. Özümə görə heç narahat deyildim. Bircə şeydən qorxurdum. Qorxurdum ki, kitab yarımçıq qalacaq. İncavara salamatlıq oldu. Kitabı nəşriyyata göndərəndən sonra xeyli rahatlaşdım. Elə bil çiyinlərimdən ağır bir yük götürüldü və qarşıma qoyduğum məqsədə daha da yaxınlaşdım.

– Bu sual, məncə, sizi tanıyan hər kəsə maraqlıdır. Seymur Baycan necə dolanır, necə yaşayır?

– Son aylar maddi tərəfdən kifayət qədər problemlərim oldu. Bu məni xeyli düşündürdü. Həyacanlı deyildim. Sadəcə sakit-sakit düşünürdüm. Başa düşdüm ki, imkansızlıq çox axmaq şeydi. Əvvəllər də müxtəlif vaxtlarda maddi problemlərim olub. Amma bu dəfə imkansızlığın gətirdiyi fəsadları daha dərindən hiss etdim. Ola bilsin bu yaşla əlaqədardı. Çox güman iyirmi yaşlarındakı imkansızlaqla qırx yaşlarındakı imkansızlıq arasında böyük fərq var. Gənclik dövründə imkansızlıqda romantika elementləri axtarıb tapa bilirsən. Yaşlaşanda imkansızlıqda romantika tapmaq olmur. Mən hələ təkəm. Heç bir məsuliyyətim yoxdu. Bununla belə başa düşdüm ki, ailə saxlamaq qəhramanlıqdı. Halal yolla ailə saxlamaq lap qəhramanlıqdı. Təsəvvür et özündən başqa bir neçə adamı gündə üç dəfə yemləməlisən. Geyindirməlisən. Arada gəzməyə aparmalısan. Dondurma almalısan. Hələ bunun iraq olsun xəstələnməyi, dava-dərman xərci də var. Uşağının ən adi istəklərini, arzularını yerinə yetirə bilməməyin, bu acizliyin bir valideyn üçün nə qədər ağır olduğunu dərk etdim. Onu da dərk etdim ki, ailə, uşaq insanı hər bir vasitəyə, hər yola əl atmağa vadar edə bilər…

Maddi vəziyyətim ağır olanda ölüm düşərgələrindən, Leninqradın mühasirəsindən bəhs edən sənədli filmlərə baxıram. Ola bilsin əxlaqi cəhətdən bu heç düzgün hərəkət deyil. Amma insanların aclıqdan pişik, siçovul yediyini ekranda görməsəm, qarşımdakı vermeşil supunu yeyə bilmirəm. Vermeşil supun iki gün, üç gün yemək olar. Hətta yemək lazımdır da. Amma iyirmi gün, bir ay vermeşil supu yemək olmur. Getmir. Ona görə də hansısa bir formada qarşındakı vermeşil supuna şükr etmək məcburiyyətindəsən. Başa düşməlisən ki, vəziyyətindən şikayətlənməyə çox da haqqın yoxdu. Daha ağır məhrumiyyətlər qarşında qala bilərdin. Bu cürə təskinlik tapmasan vəziyyətinə tab gətirmək çətin olar.

Əvvəllər, dostluq etdiyim küçə itləri üçün bazardan sür-sümük alırdım. İndi bazardan aldığım sür-sümüklərlə özümə müxtəlif yeməklər bişirirəm. Daha dostluq etdiyim itləri yemləyə bilmirəm. Axırıncı dəfə bazarda sümük alanda, deyəsən qəssab elə bil nəsə başa düşdü. Gətirdi sümüyün üstünə bir az ət qoydu. Təxminən dörd yüz qram olardı. Düzdü, ət bir az qaralmışdı, amma yenə də sağ olsun. Belə hərəkətlər yaşamaq üçün adama güc verir.

– Sualı bir az da geniş verim. Yazıçının maddi baxımdan heç bir problemi olmasa, yenə də yaxşı mətnlər yaza bilərmi? Yaxşı mətnlər yazmaq üçün müəyyən məhdudiyyətlər olmalıdırmı?

– Şübhəsiz, insanın keçirdiyi hisslər onun yazdıqlarına təsir edir. Buna baxmayaraq, amma yenə də yazıçının yaradıcılıq mətbəxindən çox şey asılıdır. Biri gördüklərini, müşahidələrini, keçirdiyi hissləri ədəbi xammal kimi istifadə edə bilir. Digəri edə bilmir. Burda insan təbiəti ilə yanaşı təcrübə, peşəkarlıq, istedad ədəbi xammalın necə istifadə olunması da müstəsna rol oynayır. Qarabağ müharibəsini nə qədər yazıçı görmüşdü. Amma “Quqark”ı mən yazdım. Başqaları yaza bilmədi. Deməli, görmək, hansısa hissləri keçirmək hələ azdı. Hər şey demək deyil. Necə yazmaq, müşahidələrini, hisslərini yaradıcılıq labarotoriyasından keçirib bədii həllini necə vermək adlı bir vacıb məsələ də var.

Yaxşı mətnlər yazacaq deyə mən yazıçının çətinliklər içində yaşamasının, məhrumiyyətlərlə üzləşməsinin tərəfdarı deyiləm. Neçə ildi itləri yaxından müşahidə edirəm. İtlərlə yaxından ünsiyyətim mənə qiymətli bir dərs verdi. Qəti olaraq başa düşdüm ki, təbiət etibarilə itlə insan arasında elə bir ciddi fərq yoxdu. İnsan heyvanlar aləminin bir üzvüdür. Bir az boşluq, yəni çətinliklər, münbit şərait yaranan kimi insanın içindəki heyvani instinklər oyanır. İnsan çox asanlıqla heyvana çevrilir. İtlərin sümük üstündə dalaşmalarına, bir-birini didməklərinə haqq qazandırmaq olur. İtin bəraəti var. İtin Didrosu, Volteri, Hüqosu, Tomas Mannı olmayıb. İnsanın bu mənada bəraəti yoxdu. Onun heyvana çevrilməsinə, sümük üstündə bir-birini didməklərinə haqq qazandırmaq asan deyil. Çünki onun çiyinlərində daima, hər bir vəziyyətdə, hər bir şəraitdə insan adına layiq olmaq, insan adını axıra qədər qorumaq kimi ağır bir məsuliyyət var. İnsan, ümumiyyətlə, çörək, yoxsa vicdan, çörək, yoxsa azadlıq, çörək, yoxsa mənəviyyat dilemması qarşısında qalmamalıdır. Bütün hallarda bu cürə dilemmalar insan ləyaqətini alçaldır. Üstəlik, dilemma qarşısında qalan hər adamdan da mənəviyyata, vicdana üstünlük verəcəyini gözləmək qətiyyən olmaz. Hər bir insandan vicdan, mənəviyat, ləyaqət gözləmək böyük sadəlövhlükdü.

Ona görə də insanın içində heyvani instinklərin hər hansı formada oyanmasının qarşısı əvvəlcədən qətiyyətlə alınmalıdır. İnsanın heyvana çevrilməsi üçün münbit şəraitin yaranması böyük fəlakətlər törədir. Heç bir xalq, heç bir cəmiyyət heyvan sürüsünə çevrilmək təhlükəsindən sığortalanmayıb. Münbit şərait yarandıqda hər bir xalq, hər bir cəmiyyət heyvan sürüsünə çevrilə bilər. Bəşər mədəniyyətinə neçə-neçə dahilər bəxş etmiş mədəni alman xalqı ötən əsrin otuzuncu illərində heyvan sürüsünə çevrildi. Onları törətdikləri cinayətlərə görə bağışlamaq çətindir. Hansısa bir vəhşi qəbilə onların etdiklərini etsəydi, hardasa başa düşmək olardı. Bethovenin, Hötenin xalqı o cinayətləri etməli deyildi. Amma etdilər. Deməli heyvana çevrilmək təhlükəsi hər bir adamın, hər bir xalqın qapısı ağzında pusquda dayanıb.

– Sizdən müsahibə alacağımı deyəndə, Kəramət Böyükçöl xahiş etdi ki, onun adından sizə bu sualı verim:

“Ya vəlvələdən, ya zəlzələdən ölkədə müəyyən bir populyarlıq qazanmışam. İndi hiss edirəm ki, populyarlığımın arxasında dayanmağa gücüm çatmır. Kənara çəkilib mütaliə etmək, filmlərə baxmaq lazımdır, bunları bilirəm. Seymur bəy ağsaqqal bir yazıçı kimi mənə başqa nə məsləhət görə bilər?”

– Vəziyyətə düzgün qiymət vermək, qələbənin yarısı deməkdir. Nə etmək lazım olduğunu Kəramət özü dəqiq deyib. Deməli, vəziyyətini aydın görür. Bu çox yaxşı haldır. Kəramətin mənim məsləhətlərimə xüsusi bir ehtiyacı yoxdur. Amma müsahibəni oxuyan digər şəxsləri də nəzərə alaraq fürsətdən istifadə edib Kəramətin timsalında bəzi vacib bildiyim məsləhətləri, tövsiyələri sadalamaqda fayda görürəm.

Deməli belə, məncə, Kəramət növbəti mərhələyə keçməlidir. Artıq vaxtdır. Hətta bir az gecikib. Növbəti mərhələyə keçmək üçün özünün dediyi kimi ciddi şəkildə oxumalıdır. Səs-küydən kənara çəkilib özü ilə baş-başa qalmalıdır. Demirəm ki, tamamilə zahid həyatı yaşamalıdır. Qətiyyən, sadəcə iradə nümayiş etdirərək həyatını ciddi şəkildə tənzimləməlidir. Ayın bir həftəsini, on gününü hansısa rayonda, kənddə, sakit bir yerdə mümkün qədər lazımsız mövzulardan təcrid olunaraq öz içində axtarışlar, kəşfiyyatlar aparmalıdır.

Zəmanəmizin mütəfəkkirlərindən biri çox dəqiq deyib: Hər dövrün öz üst insanı var, bizim dövrün də üst insanı sosial şəbəkələrdən asılı olmayan adamdır.

Sosial şəbəkələr insanın öz içində axtarışlar aparmasına, daima yaddaşını qurdalamasına, hansı mövzunun daha keçici, hansı mövzunun daha qalıcı olmasını müəyyən etməyə imkan vermir. Öz içində daima axtarışlar aparmaq, daima yaddaşını qurdalamaq, hansı mövzunun daha qalıcı olmasını müəyyən etmək bir qələm adamı üçün vacib şərtlərdi. Sosial şəbəkələr fikrin, mövzunun tam bişməsinin, süjetin daha da şaxələnməsinin qarşısın alır. Tez-tez görürəm ki, bizim yazıçılarımızın çoxu hətta yazılarını da status kimi yazırlar. Bu sosial şəbəkələrdə həddindən artıq vaxt keçirməyin fəsadlarıdı. Mövzunu, fikirlərini tam bişirmirlər. Elə bil birdən yadlarına düşür ki, axı onlar həm də publisistdirlər, yazıçıdırlar. Tez-tələsik status tipində bir yazı yazıb qaçıb girirlər lazımsız qələbəliyin içinə. Ərkim çatırsa, şəxsi tanışlığım varsa, onlara öz iradlarımı bildirirəm. Şəxsi tanışlığım yoxdursa, irad bildirməyə ərkim çatmırsa, vəziyyətin bu cürə hal almasına sadəcə təssüflənirəm.

Qarşıdan orta yaş böhranı gəlir. Kəramət və onun yaşıdları olan digər yazıçılar orta yaş böhranına, hesabat zamanına hazır olmalıdırlar. Təssüflər, peşmanlıqlar, günah hissi, keçmişdə baş verən hadisələrə, etdikləri hərəkətlərə baxışlarının kəskin dəyişməsi onları amansızcasına qamçılayacaq. Nə edə bildim, daha nələr edə bilərdim, harda səhvlərə yol verdim kimi ağır suallar onları əzəcək. Bir qələm adamı üçün bundan gözəl fürsət ola bilərmi? Belə deyək, sanki mövzular xəzinəsinin qapıları açılacaq. Amma buna intellektual cəhətdən mümkün qədər hazır olmaq lazımdır. Çünki boş əllə mövzular xəzinəsindən çox az şey götürə bilərsən. Xülasə, istedad yaxşı şeydir, lakin heç kim öz istedadına arxayın olmasın. Ən vəhşi, ən güclü istedad belə daima gübrələnməlidir. Üstəlik, hər yaşın öz ritmi var. İyirmi, otuz yaşda etdiyin hərəkətləri qırx yaşda edə bilməzsən.

Kəramət növbəti mərhələyə keçəndə bugünkü populyarlığının iyirmi, ola bilsin hətta otuz faizini itirəcək. Bu itki onu qorxutmamalıdır. Geriyə çəkilməməlidir. Bu itki mübarək itkidir. Yazıçının, publisistin hansı oxucuları keçmişdə qalmaq istəyirsə, onlar elə keçmişdə də qalmalıdırlar. Deməli, onlar elə keçmiş mərhələdə qalmağa layiqdirlər. Yazıçı, publisist mərhələ keçdikcə onun əsl oxucuları da mərhələ keçməlidirlər. Belə olduğu halda publisistlə, yazıçı ilə bərabər oxucu da inkişaf edir. Oxucu da bir növ növbəti mərhələyə keçir.

Mən son on ildə bir yox, bir neçə mərhələ keçdim. Xeyli oxucu itirdim. Bunu heç vecimə almadım. Çünki bu itkinin mübarək itki olduğunu dəqiq başa düşürdüm. Əgər mərhələ keçmək imkanım varsa, buna potensialım çatırsa, oxucu itirəcəyəm deyə yerimdə addımlaya bilmərəm. Bu hər şeydən əvvəl özümə qarşı bir xəyanət olar. Bacardıqca irəli getmək lazımdı. Kim ardınca gəlməyi bacarırsa, lap yaxşı. Ardınca gəlməyi bacarmırlarsa, inkişaf etmək, çalışmaq, öyrənmək istəmirlərsə, özləri bilərlər. Sən heç nə itirmirsən. İtirən onlardı.

– Poeziyaya münasibətiniz necədir? Şeir sizin üçün nəsrlə müqayisədə hansı yerdədir?

– Poeziyadan o qədər də başım çıxmır. Ona görə də şeirlə nəsr arasında hər hansı müqayisə apara bilmərəm. Buna mənəvi haqqım çatmır.

– Azərbaycan dilində oxumaq imkanı varkən, türkcə oxuyanları daima qınayırsız. Camaat da elə düşünür ki, siz türklərə nifrət edirsiz, rusları sevirsiz. Niyə adamlar öz dilimizdə oxumağa yaxşı baxmırlar?

– Türkcə oxumaq, türkcə danışmaq mövzusunda bir neçə yazı yazdım. Nə lazımdırsa, yazmışam. Fikirlərimi kifayət qədər əsaslandırmışam. Təkrarçılıq etmək istəməzdim. Mənim yazılarım konkret müşahidələrə, məntiqə söykənir. Yazılarla razılaşmayan adamlar isə kor-koranə hisslərinə istinad edirlər. Onlar mənim nə demək istədiyimi başa düşmürlər. Kor-koranə hisslər imkan vermir başa düşsünlər. Əgər dünya müharibəsi regionun altını üstünə çevirməsə on ildən, uzağı on beş ildən sonra o yazılarda nə demək istədiyimi, nələri itirdiklərini başa düşəcəklər. Onda çox-çox gec olacaq. Heç nəyi dəyişə bilməyəcəklər. Belədə ki, hansı dildə istəyirlər danışsınlar. İstəyirlər lap qarğa dilində danışsınlar. Mən ümumiyyətlə məktəblərdə dərslərin Azərbaycan dilində keçirilməsinin əleyhinəyəm. Məktəblərdə dərslər alman, fransız, ispan, ingilis, italyan, yapon, çin dillərində keçirilməlidir. Azərbaycan dili ən uzağı bazar, hamam, çayxana, şadlıq evi, yas mağarı kimi yerlərdə istifadə olunmalıdır. Məktəblərdə dərslərin azərbaycan dilində keçirilməsi uşaqları bədbəxt etmək deməkdir. Kimə lazımdı Azərbaycan dili? Arxasında güclü iqtisadiyyat, güclü mədəniyyət, ciddi oxucu kütləsi dayanmayan dil məhvə məhkumdu. Onsuz da, türk dili azərbaycan dilin sürətlə yeyir. Əgər bir dil məhv olursa, məhv olan dilin yerini daha ciddi bir xalqın dili tutmalıdır. Yağışdan çıxıb yağmura düşməyin nə mənası var?

– Gənclər son zamanlar sizi sərt tənqid edirlər. Buna münasibətiniz necədir? İndi sizi tənqid edən gəncləri görəndə nə düşünürsüz?

– Mənim getdiyim yolu getmək kənardan asan görünür. Elə bilirlər ki, üç-dörd yazı yazıb tanınmışam. Amma kimsə yazmağa başlayanda, xüsusən ilk kitabı nəşr olunanda, real vəziyyətlə, belə deyək Azərbaycan həqiqətləri ilə tanış olanda necə çətinliklərdən keçdiyimi, nə qədər əzab-əziyyət çəkdiyimi öz dərisində hiss edir. Bu zaman mənə qarşı əsasən iki münasibət ortaya çıxır. Birincisi, etiraf etməlidirlər ki, Seymur sən əjdahasan. Bunu etiraf etmək üçün insanda geniş ürək olmalıdı. Aydın məsələdir hər adamda geniş ürək olmur. Ona görə də daha çox ikinci münasibətlə üzləşirəm. Məni, yazdıqlarımı gözdən salmağa cəhdlər edirlər. Onları başa düşürəm. Nadir istisnaları çıxsaq azərbaycanlılar pulu və vəzifəsi olmayan adama nifrət edirlər. "Kimsən sən?" bu, doğurdan da, azərbaycanlılar üçün çox ciddi sualdır. Mənim ən böyük günahım pulumun və vəzifəmin olmamasıdır. Əgər pulum və vəzifəm olsaydı məni tənqid edən adamlar kitablarımı tərifləmək üçün növbəyə düzülərdilər.

– Amma siz özünüz də yaşlı nəsli çox tənqid etmisiniz.

– Otuz ildən artıq Yazıçılar Birliyini şəxsi mülki kimi idarə edən Anar Rzayevi tənqid etməklə qələmindən savayı heç nəyi olmayan Seymur Baycanı tənqid etmək arasında çox böyük fərq var. Zərrə qədər istedadı olmadığı halda atasının hesabına ədəbiyyata gəlmiş Elçin Əfəndiyevi tənqid etməklə hər cür çətinliklərə tab gətirərək azdan-çoxdan mövqeyini qoruyub saxlaya bilmiş Seymur Baycanı tənqid etmək eyni şey ola bilməz. Kimi, nəyə görə, hansı formada, harda və ən əsası nə vaxt tənqid etməyi yaxşıca öyrənmək lazımdı. Nifrətin, sevginin, rəğbətin öz ünvanlarını dəqiq seçməsinin özü də müdrikliyin bir növüdür.

– Yeni roman yazmağı fikirləşirsinizmi? Niyəsə hər kəs sizdən roman gözləyir...

– Roman yazmaq haqda düşünmürəm. Əslində, kiçik həcmli bir roman üçün mövzum var. Mövzu arada məni dingildədir. Ola bilsin yazdım. Hər şey hadisələrin gedişatından, ovqatımdan, ən əsası maddi vəziyyətdən asılıdır. Hələlik özümü səviyyəsiz hekayələr yazmağa kökləməkdəyəm. Heç hekayələri də yaza biləcəyimə tam əmin deyiləm. Maddi çətinliklər məni çox yorur. Bütün gücümü əlimdən alır. Hər ayın əvvəli gələndə qarnıma sancı dolur ki, görəsən, bu dəfə ev kirayəsin necə verəcəm? Bilmirsən ev kirayəsi haqqında düşünəsən. yoxsa oturub hekayə yazasan. Təfərrüatlara girmək istəmirəm. Amma, həqiqətən, dost-tanışa yük olmaqdan bezmişəm. Əməlli-başlı xəcalət çəkirəm.

– İndi nə oxuyursuz?

– Hazırda Aka Morçiladzenin “Yetim” romanın oxuyuram. Kitabın sonlarındayam. Yəqin ki, kitab haqqında yazı yazacam. Yetimi bitirdikdən sonra Laşa Buğadzenin “Kiçik ölkə” əsərinə keçəcəm.

– Oxuma prosesiniz necədir? Gündə nə qədər oxumağa vaxt ayırırsız?

– Gündə nə qədər oxumağım əsərin dilindən, mövzusundan asılıdır. Əsərin dili, mövzusu yüngüldürsə həftəyə iki kitab oxuyuram. Son vaxtlar yüngül, əziyyət verməyən, hətta bayağı əsərlər oxumaq daha çox xoşuma gəlir. Düşünmək istəmirəm. Həm də bayağılıqdan həzz alıram. Bayağı əsərdən heç nə gözləmirəm. Amma iddialı müəlliflərin əsərlərində boşluqlar görəndə əsəbiləşirəm.

– Ümumiyyətlə, sizcə bir yazıçı gündə neçə saat oxumalıdır?

– Konkret bir vaxt demək çətindir. Amma mütamadi mütailə etmək, əlbəttə, çox vacibdi. Özü də xarici ədəbiyyatdan daha çox yerli ədəbiyyatı oxumaq lazımdı. Bir əsər xarici ədəbiyyatdan oxuyursansa, dörd əsər yerli ədəbiyyatdan oxumalısan. Xoşuna gəlsə də, gəlməsə də, qane etsə də, etməsə də yerli ədəbiyyatı oxumaqda daha çox fayda var.

– Yazıçı siyasətlə məşğul olmalıdırmı? Siyasiləşməyi nəzərdə tutmuram. Müşahidə edirəm ki, demək olar bütün yazıçılar, xüsusən gənc yazıçılar bilib-bilmədən siyasətə girişirlər, bir müddətdən sonra ədəbiyyat qalır bir tərəfdə, mübarizənin istiqaməti dəyişilir.

– Yazıçının ictimai-siyasi məsuliyyəti olmalıdır, amma bunu hər hansı formada hər gün bəyan etməyə, hər gün, baxın mənim mövqeyim budur, baxın mənim ideyam budur, deməyə ehtiyac yoxdu. Arada lazım gələndə mövqeyini ortaya qoymaq bəs edir. Siyasətə çox bulaşmaq olmaz. Siyasətə çox girəndə ədəbiyyat yaddan çıxır.

– Yazılarınızın birində demişdiniz ki, Azərbaycanda yeddi diri yazıçı var. Onların adlarını açıqlaya bilərsiz?

– Yaddaşımda çox ciddi problemlər yaranıb. İnan yadımdan çıxıb belə bir söz deməyim. Hətta belə bir söz demişəmsə də, indi diri yazıçıların adların sadalaya bilmərəm. Daha doğrusu, buna ehtiyac görmürəm.

– Feminizmə münasibətinizin necədir?

– Feministlər bərabərlik istəmirlər. Bərabərik də. İşə gedirlər, metroya, avtobusa minirlər, seçkilərdə səs verirlər, kitab yazırlar, kino çəkirlər... Ta nə olmalıdır? O ki qaldı qadınların hüquqlarının pozulmasına... Bəyəm kişilərin hüquqları pozulmur? Hesab-dəftərə vursaq görərik ki, kişilərin hüquqları qadınların hüquqlarından daha çox pozulur. Kişilər daha çox məişət zorakılığına məruz qalırlar. Sadəcə kişilər zorakılığa məruz qalmaların açıb-ağarda bilmirlər. Utanırlar. Həm də qadınlar daha səliqəli işləyirlər. Onların üslubu daha incədi. İz qoymurlar. İz olmayanda zorakılığa məruz qaldığına heç doğma qardaşın da inanmır.

Feminstlər istəyirlər ki, kişi ilə qadın eyni olsun. Axı bu mümkün deyil. Feministlər deyirlər ki, kişilər harasa bir yerə gedəndə niyə on beş, maksimum iyirmi beş dəqiqəyə hazır olurlar? Kişilərin harasa gedəndə maksimum iyirmi beş dəqiqəyə hazır olmaları bizim hüquqlarımızı pozur. Onlar da bizim kimi bir saat yarım, iki saat güzgünün qabağında fırlanmalıdırlar. Birin çıxarıb, o birin geyinməlidirlər. Amma nə qədər güzgü qabağında vaxt keçirsələr də, nə qədər birin çıxarıb, o birin geyinsələr də yenə də görünüşlərindən narazı qalmalıdırlar.

Feministlər deyirlər ki, Tolstoy niyə “Hərb və sülh” səviyyəsində əsər yazıb. Tolstoy uzağı “Tufanlı yoxuşlar” kimi bir əsər yazmalı idi. Tolstoyun “Hərb və sülh” səviyyəsində əsər yazması bizim hüquqlarımızı pozur. Feministlər deyirlər ki, uşağı bir dəfə qadın əmizdirəndə, bir dəfə də kişi əmizdirməlidir. Bir dəfə qadın uşaq doğanda, bir dəfə də kişi uşaq doğmalıdır. Başa düşmürlər ki, kişi istəsə belə uşaq əmizdirə bilməz. Kişi istəsə belə uşaq doğa bilməz. Amma nə vaxtsa kişilər uşaq doğa bilsə, məlum olacaq ki, uşağın da ən yaxşısın kişilər doğurlar. Necə ki, ən yaxşı saç ustaları, ən yaxşı aşbazlar, ən yaxşı ginekoloqlar kişilərdi.

Məsələyə daha geniş baxdıqda, əslində, feminizm hərəkatı daha çox kişilərin xeyirinə işləyir. Çünki feminizm kimi söhbətlərə baş qoşmaqla qadınlar təbiətin onlara bəxş etdiyi çox təhlükəli və çox güclü silahlardan özlərini məhrum edirlər. Bir növ könüllü surətdə tərki-silah olurlar. Kişilər çox müqavimətsizdirlər. Bədbəxtdirlər. Sözün həqiqi mənasında yazıqdırlar. Kişi olmaq çox çətindi. Kişi olmaq ömür boyu imtahan vermək deməkdi. Bir də görürsən sərçəbaş, əyriqılça bir ifritə təbiətin bəxş etdiyi təhlükəli və güclü silahların hesabına dağ boyda bir kişini illərlə barmağına sarıyır. Sərçəbaş, əyriqılça bir ifritə təbiətin bəxş etdiyi təhlükəli və güclü silahların hesabına dağ boyda kişini illərlə elə ustalıqla istismar edir ki, kişinin heç ruhu da incimir. Öz bədbəxtliyini xoşbəxtlik kimi qəbul edir. Ona görə də ağıllı və hiyləgər qadınlar feminizm kimi söz-söhbətlərə baş qoşmurlar. Nələrinə lazımdı? Gül kimi yaşayırlar.

Xəbər lenti