Logo

SDU-da “Beynəlxalq həftə” başa çatıb

16.05.2022 08:28 302 baxış
IMG

Sumqayıt Dövlət Universitetində (SDU) Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin təşkilatçılığı ilə hazırlanan “Beynəlxalq həftə” silsilə tədbirləri yekunlaşıb.

Azərbaycançılıq məfkurəsinin banisi, müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə və mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya azərbaycanlılarının V Qurultayı – Zəfər qurultayına həsr edilmiş “Beynəlxalq həftə” ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da yüksəltmək üçün ölkə xaricində yaşayan, elm və tədqiqatlar sahəsində uğurlar qazanmış soydaşlarımızla universitetin tələbə-müəllim heyətini bir auditoriyada görüşdürmək və onların təcrübəsindən bəhrələnmək məqsədi daşıyıb.

“Beynəlxalq həftə” Dünya azərbaycanlılarının V Qurultayına dəvət almış 400  azərbaycanlıdan biri, Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyevin SDU-nun filologiya fakültəsinin müəllim və tələbələrinin görüşü ilə başlayıb. Görüş “Azərbaycan dilinin beynəlxalq tədrisi: parametrlər və sərhədlər” mövzusuna həsr olunub.

Daha sonra iqtisadiyyat və idarəetmə fakültəsində Almaniya Siegen Universitetinin professoru, iqtisad elmləri doktoru Müslüm İbrahimovla görüş olub. Prefessor  “Təşkilat və təşkilatdaxili münasibətlər sisteminin anlayışı” mövzusunda məruzə edib.

İstanbul Texniki Universitetindən Yunis İsmayıl SDU-nun mühəndislik fakültəsinin tələbələrinə  “Texnoloji və İnnovativ ideyaların kommersiyalaşmasında texnoparkların rolu” mövzusunda öz fikirlərini çatdırıb.

ABŞ Kolumbiya Universitetindən Abbas Abbasov tarix və coğrafiya fakültəsinin tələbələrinə “Tədqiqat metodları və metodologiyası” haqqında məlumat verib.

Avropa Natolin Kampusunun rəsmi nümayəndəsi Nərgiz Abdullayeva isə universitetin bütün fakültələrinin tələbələri ilə görüşüb, onlara “Avropada azərbaycanlı tələbələr üçün təqaüd imkanları” mövzusunda məruzə edib.

Tədbirlər universitetin müəllim-tələbə heyəti tərəfindən böyük maraqla qarşılanıb.

Xəbər lenti