Logo

Əməkdar artistə böhtan atmaqda ittiham olunan prorektor bəraət alıb

13.05.2022 19:41 331 baxış
IMG

Yasamal Rayon Məhkəməsində Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Elmira Pənahova barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, Elmira Pənahovanı əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq kafedra müdiri Fərhunə Atakişiyeva məhkəməyə verib.

Fərhunə Atakişiyevanın iddiasına görə, Elmira Pənahova çalışdığı akademiyada əməkdaşlarının üzv olduğu “WhatsApp” qrupunda onun şəxsiyyətinə toxunan bir xəbər paylaşıb. Orada onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən rüşvətə görə qovulduğu barədə məlumat verilib.

Xüsusi ittihamçı iddia edib ki, Elmira Pənahova bir neçə il əvvəl təkzib verilmiş xəbəri qrupa qəsdən ataraq onu nüfuzdan salmaq istəyib.

Məhkəmə xüsusi ittihamçının şikayətini icraata qəbul edib. Bir neçə ay davam edən məhkəmə araşdırması nəticəsində ittiham olunan şəxsin günahsız olduğu elan olunub.

Məhkəmə belə qənaətə gəlib ki, sözügedən qrup yazışmasında Fərhunə Atakişiyeva haqqında rüşvətlə bağlı məlumat və onun təkzibi dərc olunub. Yəni həmin qrupda Fərhunə Atakişiyevaya qarşı böhtan xarakterli fikir bildirilməyib.

Hökmə əsasən, Elmira Pənahovanın əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilib.

Xəbər lenti