Logo

Məzunlar 50 ildən sonra bir arada - FOTOLAR

13.05.2022 17:41 330 baxış
IMG

Gəncə Dövlət Universitetində riyaziyyat fakültəsini 1972-ci ildə bitirmiş məzunların görüşü keçirilmişdir.

Tehsil.biz xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Vətən müharibəsində şəhid olmuş universitet tələbələrinin xatirəsinə düzəldilmiş guşəni ziyarət etmiş, önünə gül dəstələri düzüblər.

Tədbiirə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, Qarabağ müharibəsi şəhidlərinin, eləcə də dünyasını dəyişmiş professor-müəllim heyətinin və məzunların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq məzunları universitet rəhbərliyi adından salamlayıb, onları  yenidən universitetdə görməyindən məmnun olduğunu bildirmişdir. Universitetdə belə bir tədbirin keçirməsinin əhəmiyyətini vurğulayan prorektor məzunlara və qonaqlara GDU-nun son illərdəki fəaliyyəti və uğurları barədə məlumat verərək tələbələrin yaxşı təhsil almaları üçün yaradılan şəraitdən danışmışdır. “Öz doğma təhsil ocağınıza xoş gəlmisiniz” deyən Gülsüm Fətəliyeva məzunlara ən xoş arzularını bildirib.

Görüşün əsas təşkilatçılarından biri olan məzun, universiteti bitirdikdən sonra ötən bu dövr ərzində Azərbaycan Milli Elmlər Akademiyasında çalışmış, AMEA-nın veteranı, bir neçə elmi kitabın müəllifi olan, pedaqoji elmlər namizədi Sabir Tağıyev çıxış edərək bu tədbirin təşkili üçün universitet rektorluğuna və bu işə dəstək olan hər kəsə təşəkkürünü bildirmiş, görüşə hazırlaşarkən və məzunları soraqlayarkən keçirdiyi hisslərdən danışmışdır. Sabir Tağıyev sevimli müəllimlərini xatırlayaraq onların tələbkarlığından, bilikli və vicdanlı şəxsiyyət kimi daim xatirələrdə yaşayacaqlarından bəhs edən fikirlər səsləndirmişdir. O, tələbə yoldaşlarını yenidən görməyi həyatının ən xoş anları olduğunu dilə gətirmiş və onlara bundan sonrakı həyatlarında uğurlar, uzun ömür və cansağlığı arzulamış, yenicə çapdan çıxmış “Nadir tarixi abidələr, tarixi şəxsiyyətlər” kitabını görüş iştirakçılarına hədiyyə edib.

Məzunlardan Şərafət Hacıyeva, Vidadi İbrahimov, Familə Bayramova, Tahir Cəbrayılov  və başqaları xoş xatirələrini danışaraq, görüşün təşkilinə dəstək olan Gəncə Dövlət Universitetinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonda məzunlar xatirə şəkli çəkdiriblər.

Xəbər lenti