Logo

BDU-da konfrans: “Ulu öndər Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti” - FOTOLAR

11.05.2022 18:52 421 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsi, Kəlbəcər Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon təşkilatı və Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti” mövzusunda Respublika konfransı keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli liderin abidəsini və şəhidlərin xatirəsinə həsr edilmiş memorial kompleksi ziyarət ediblər.

Sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin konfrans zalında Dövlət himni səsləndirilib, Ümummilli liderin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Konfransı giriş sözü ilə açan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qonaqları salamlayıb, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız tarixi Zəfər haqqında danışıb. Natiq Ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsilin, mədəniyyətin, həmçinin kitabxana işinin inkişafındakı misilsiz xidmətlərindən bəhs edib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxışında bildirib ki, möhkəm təməlləri Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən müdrik siyasət nəticəsində ölkəmiz dünyanın aparıcı dövlətlərindən birinə çevrilib. Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik işğala son qoyulub, Ulu öndərimiz Heydər Əliyevin müqəddəs ata vəsiyyəti Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilib. Həbib Misirov Ulu öndərə həsr olunmuş konfransın Kəlbəcər rayonu ictimaiyyəti ilə birgə keçirilməsinə şərait yaratdıqlarına görə Universitet rəhbərliyinə minnətdarlığını bildirib.

Konfransda BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov, Samux Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Telli Nəsibova mövzu ətrafında məruzə ediblər. Məruzələrdə Ulu öndər Heydər Əliyevin Azərbaycanda kitabxana işi sahəsində həyata keçirdiyi islahatlardan bəhs olunub, tarixi faktlar diqqətə çatdırılıb. Vurğulanıb ki, Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həmin siyasət uğurla davam etdirilir, kitabxana-informasiya işinin inkişafı ilə bağlı mühüm addımlar atılır.

Tədbirin davamında ustad sənətkar Aşıq Şəmşirin Ulu öndər Heydər Əliyevə həsr etdiyi şeirlər əsasında Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayonu üzrə nümayəndəliyi tərəfindən hazırlanmış “Zərli tac kamallı başa yaraşır” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonda Bakı Dövlət Universitetinin Elmi Kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, “Elm” Nəşriyyatı və “Akademkitab” Birliyi tərəfindən Kəlbəcər rayonunun Mərkəzləşdirilmiş Kitabxana Sisteminə hədiyyə edilmiş kitabların sərgisinə baxış keçirilib.

Xəbər lenti