Logo

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

11.05.2022 16:56 391 baxış
IMG

Mayın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, eləcə də mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədəki dini durum, Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 488-VIQD nömrəli Qanununun tətbiqi və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Dini etiqad azadlığı haqqında” qanuna uyğun olaraq hazırlanan “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na dəyişikliklər edilməsi ilə bağlı fikirlərini bildirib. Vurğulayıb ki, hələ də dünyada din amilindən müxtəlif təxribatlar törətmək, məkrli planlar həyata keçirmək məqsədilə istifadə edən qüvvələr var. Azərbaycanda dini təhdidlərin qarşısını almaq üçün önləyici, qabaqlayıcı tədbirlər davam etdirilir, bununla yanaşı  maarifləndirmə işləri, milli kadrların hazırlanması prosesi həyata keçirilir. Ölkəmizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən dini dəyərlərə, ibadət yerlərinə, din adamlarına xüsusi diqqət və qayğı göstərilir.

Din xadimlərinin Vətənə, xalqa, azərbaycançılıq ideologiyasına bağlı olmalarının önəmini bildirən Komitə sədri qeyd edib ki,  dövlətçilik mənafelərini və maraqlarını qorumaq, azərbaycançılıq ideyasına və mənəvi dəyərlərə sədaqət hər zaman öncül yer tutmalıdır. Din xadimləri cəmiyyətin mənəvi baxımdan sağlamlığına xidmət etməli, xalqımıza xas islami dəyərləri yaşatmalı, xurafat, dini dözümsüzlük və ayrı-seçkilik halları ilə mübarizə aparmalı, Azərbaycan xalqının tolerant və multikultural ənənələrini qorumalıdırlar. Ölkəmizdə dini-mənəvi mühitin qorunub saxlanılmasında peşəkar kadrlara olan ehtiyac, eləcə də Azərbaycanın xarici dini təsirlərdən asılılığını azaltmaq baxımından Azərbaycan İlahiyyat İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının əhəmiyyətini vurğulayan M.Qurbanlı qarşıda duran vəzifələrə diqqət çəkib.

“Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişikliklərin Dövlət Komitəsinin üzərinə ciddi məsuliyyət qoyduğunu bildirən DQİDK sədri mərkəzi Aparat və bölgə şöbələrinin bu istiqamətdə fəaliyyətini daha da genişləndirməli olduğunu qeyd edib.

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” barədə ətraflı məlumat verərək din xadiminin təyin edilməsi məqsədi ilə müsahibə elanının verilməsi ilə bağlı təşkilati məsələlər, müsahibənin keçirilməsi qaydası, din xadimlərinin attestasiyasının keçirilməsi barədə ətraflı məlumat verib.

Müşavirə müzakirələrlə davam edib və müvafiq tapşırıqlar verilib.

Xəbər lenti