Logo

Müstəqil Azərbaycanın unudulmaz öndəri

09.05.2022 13:45 384 baxış
IMG

Bəşər tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müa­sir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Əvəzolunmaz xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dün­yada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Ulu öndər ölkəyə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahat­lar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirmişdir. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı çətinliklərə baxmayaraq, ölkə iqti­sadiyyatını dirçəltmiş, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirmiş, beynəlxalq əlaqələrini möhkəmləndirmişdir. Düşünülmüş xarici siyasət kursu Azərbaycan üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkan­ları yaratmışdır.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk olaraq 1969-1982-ci illərə, onun sovetlər birliyi dövründə respub­likamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim ulu öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miq­yasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib.

Həyat və fəaliyyəti böyük dövlətçilik məktəbi olan Heydər Əliyev gərgin əməyi nəticəsində əldə etdiyi bütün bu bilik və təcrübələrini sonrakı illərdə Azərbaycan Respublikasının müstəqilliyinin qorunub sax­lanılmasına sərf etmişdir. Ulu öndər ötən əsrin 90-cı illərinin əvvəllərində təhlükə ilə üzləşmiş Azərbaycanı nicat yoluna çıxa­ra bilmişdir. 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublika­da xaos, anarxiya hökm sürürdü. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisa­di, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Burada məşhur fransız mütəfəkkiri Volterin “dövlətin xilası üçün bir dahi insan kifayətdir” kəlamı yada düşür. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qa­zanan öndər kimi əbədilik qazan­ması, heç də təsadüfi deyil.

Müstəqilliyin qorunması­nın onun əldə edilməsindən qat-qat çətin olduğunu deyən Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Müstəqilliyimizin qorunub saxla­nılmasında ulu öndərin əvəzsiz xidmətləri olsa da, Heydər Əliyev siyasətinin uğurlu davamçısı İlham Heydər oğlu Əliyev işğal olunmuş ərazilərdə müstəqilliyimizin bərpası üçün əlindən gələni əsirgəmədi.

Ali Baş Komandanımızın başçılığı ilə başlayan müzəffər ordumuzun şanlı və şərəfli qalibiyyəti ilə bitən 44 günlük Vətən müharibəsi də Heydər Əliyev irsinin danılmaz qüdrətinin bariz numunəsidir.

Ulu öndərin il dönümünə həmişə olduğu kimi Mingəçevir Dövlət Universitetinin tələbə və müəllim heyəti də biganə yanaşmadı. Tədbirlər planına əsasən MDU-da silsilə tədbirlər həyata keçirildi. Rektor Şahin Bayramov başda olmaqla uni­versitetin müəllimləri ulu öndərin universitetdəki büstü üzərinə gül dəstələri düzərək, onu hörmətlə andılar. Tələbələrə Heydər Əliyevin möhkəm siyasəti, əvəzsiz xidmətlərindən bəhs edildi. MDU tələbəsi Səkinə Adıgözəlzadə ümummilli liderin anadan olması­nın 99-cu ildönümünə həsr edilmiş bədii yaradıcılıq müsabiqə festiva­lının yekun konsertində səhnədə çıxış etdi.

Artıq 19 ildir ki, ulu öndər Heydər Əliyevin ad günü özü cismən dünyada olmadan qeyd olunur. Buna baxmayaraq, hər il Heydər Əliyev fenomeni daha ay­dın dərk edilir və onun Azərbaycan dövlətçiliyi naminə xidmətləri daha dərindən başa düşülür. Tam əminliklə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaq.

Xədicə ƏLİYEVA,

Mingəçevir Dövlət Universitetinin Xarici dillər kafedrasının müəllimi

Xəbər lenti