Logo

Heydər Əliyev bütün varlığı ilə Azərbaycana bağlı idi

09.05.2022 11:29 354 baxış
IMG

Xalqımız  üçün  may  ayının  10-u əlamətdar gündür. Həmin gün - biz azərbaycanlılar  üçün  artıq  simvollaşıb, tarixləşib. Çünki  zəmanəmizin  ən  böyük  şəxsiyyəti, Azərbaycanın  görkəmli  ictimai-siyasi  və  dövlət  xadimi, xalqımızın dahi oğlu və böyük öndər Heydər  Əlirza  oğlu  Əliyev  məhz  99 il öncə - mayın 10-da  anadan olmuşdur. O  böyük  insan  XX-XXI əsrlərin  canlı əfsanəsi  idi. Tarix  dəfələrlə  sübut  etmişdir  ki, Ulu  Öndər  böyük  iradə  və qətiyyət  sahibi, təkrarsız  şəxsiyyət  olmaqla  ən  çətin  vəziyyətlərdən  belə  çıxmaq  üçün  düzgün  yol  tapmağı  bacarırdı. Ona görə  də  həmişə  başladığı  işi  uğurla  sona  çatdırırdı.

Həqiqət  budur  ki, öz  xalqını, vətənini, torpağını  sevən  insanlar  müqəddəs  zirvəyə  ucala  bilirlər. Məhz  ona  görə  də  xalqın  hörmət  və  məhəbbətini  qazanmaqdan  böyük  xoşbəxtlik  ola  bilməz. Ümummilli Liderimiz  öz  xalqına  sədaqətlə, şərəflə xidmət  etmiş və Azərbaycan xalqının xilaskarı kimi milyonlarla insanların  qəlbində əbədi yaşayır. Heydər Əliyevi zirvələrə qaldıran, ümummilli lider məqamına yüksəldən  keyfiyyətlərdən  birincisi  onu  xalqına  bağlayan  qırılmaz  tellər  idi. O, heç  zaman xalqından  uzaq  düşmədi. Onunla  birgə  oldu, yaxşı  günündə  də, yaman  günündə  də. Azərbaycanlı  olmağı  ilə  həmişə  fəxr  edən  böyük  öndərimiz  bütün  ömrünü  xalqının  rifahına, ölkəsinin  tanınmasına, onun  güclü  dövlət  olmasına  sərf  etdi. Bundan  heç  vaxt  yorulub-usanmadı, bədxahların  əməllərinə, böhtanlarına layiqli cavab verdi, xalqa  xidməti  hər şeydən  uca  tutdu. Güclü  və  yenilməz  bir  dövlət  qurdu.

Heydər  Əliyev  bəşər  övladının  tuta  biləcəyi  ən yüksək  mövqeyin  fövqündə- xalq  sevgisi  qazanaraq  Ümummilli  Liderə  çevrildi.

Onun  ən  böyük  dahiyanə  əsəri  isə  hər  bir  ölkə  vətəndaşının, eləcə  də  dünyada  yaşayan  milyonlarla  azərbaycanlının  əsl  Vətəni , Müstəqil Azərbaycan  dövləti oldu.

Heydər  Əliyev  birinci  dəfə  Azərbaycana  rəhbərlik  etdiyi  dövrə  qədər  Azərbaycan  geridə  qalmış  aqrar  respublika idi.  Zəngin  təbii  sərvətləri  olan  xalq  ehtiyac içində  yaşayırdı. Qısa  müddətdə  hər  şey  dəyişdi. Hara  baxırdınsa  həyat  qaynayırdı. Bir  neçə  ilə bölgələrdə  insanların  yaşayış  şəraiti  yaxşılaşdı, rayonların  büdcələrinə  xeyli  vəsait  toplandı. Bu  vəsaitlər  rayonların  inkişafına  və  sosial  problemlərin  həllinə  yönəldildi. O  illər  uzaq  tariximiz  deyil. Həmin  islahatları  həyata  keçirən  insanların  çoxu  müasirlərimizdir. Azərbaycanın  elə  bir  şəhəri, qəsəbəsi, kəndi  yox  idi  ki,  orada  tikinti-quruculuq  işləri  aparılmasın, məktəblər, xəstəxanalar, yaşayış  binaları  tikilməsin.

Ulu  Öndər  Azərbaycanın  gələcəyini,  müstəqilliyini  düşünərək  SSRİ  rəhbərliyi  qarşısında  təkidli  tələblər  irəli  sürür,  nəticədə  strateji  əhəmiyyətli  bir  sıra  sənaye  və  istehsal  müəssisələrinin  respublikada  inşasına  nail  olurdu.

Ümummilli  Liderin  Azərbaycanın  gələcəyinə  ünvanlanmış  inkişaf strategiyasının əsas  istiqamətlərindən  biri  də təhsil  və  hərbi  potensialın  yaradılması  idi. Təhsil  sahəsində  çox  böyük  uğurlar  qazanıldı.  Hər  il  yüzlərlə  gənc  başqa  şəhərlərə  ən  yüksək  təhsil  almaq  üçün  oxumağa  göndərildi.  Azərbaycanda  ali  təhsil  ocaqlarının  sayı  artırıldı.

Heydər  Əliyev  sovet  dövründə, 1971-ci ildə Azərbaycanda  milli zabit hərbi kadrları hazırlayan təhsil  müəssisəsinin - general Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin  açılmasına  nail  oldu.

Qeyd etmək lazımdır ki, digər  müttəfiq respublikaların heç birində  hərbi ixtisaslaşmış orta məktəb yox  idi. Bu, Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Hazırda ordumuzun  50-60%-i həmin məktəbin yetirmələridir.

Sözsüz  ki,  bu  fəaliyyətin  ən  mühüm hissəsini Ulu Öndərin       müstəqil  Azərbaycana  rəhbərlik  etdiyi  dövr  təşkil  edir. 1993-cü  il  iyunun 15-də  Heydər  Əliyevin  siyasi  hakimiyyətə  qayıdışı  Milli  Qurtuluş  Günü, xalqımızın   nicat  gününün  başlanğıcı  oldu. Dünyaşöhrətli siyasətçi  və  dövlət  xadimi  Heydər  Əliyev  öz  nüfuzuna,  bacarığına  və  xalqına  arxalanıb  insanları  azərbaycançılıq, müstəqil  dövlətçilik  və  demokratik  ideyalar  ətrafında  birləşdirib  yeni  dövlət  quruculuğuna  başladı. Ulu  Öndərin  həyata  keçirdiyi  uzaqgörən  siyasət  nəticəsində  ölkədə  ictimai-siyasi  sabitlik  yarandı, həyatın  bütün  sahələrini  bürümüş tənəzzülə son qoyuldu. Heydər Əliyevin Azərbaycanın  rəhbərliyinə  qayıtması tarixi zərurətin, sabitlik, ədalət  intizarında  olan  milyonlarla  insanın  çağırışının  gerçəkləşməsi idi. “Mən Azərbaycanın  müstəqilliyini Azərbaycan xalqı  üçün  böyük  nailiyyət  hesab  etmişəm  və  bu müstəqilliyin əldə olunmasına  xidmət  etmişəm. Bundan  sonra  ömrümün   qalan  hissəsini  də  Azərbaycanın  müstəqilliyinin  möhkəmlənməsinə, inkişaf  etməsinə  sərf  edəcəyəm” - Ümummilli  Lider  hakimiyyətə  bu  sözlərlə  qayıtmışdı  və  ömrünün  sonunadək  bu  sözlərə  sadiq  qaldı.

Ulu  Öndər  onu  da  yaxşı  bilirdi  ki, xalqın  siyasi  müstəqilliyinin  təməlini  məhz  onun  iqtisadi  azadlığı  şərtləndirir. Bu  baxımdan  Heydər Əliyev  qısa  müddətdə  ölkədə  mədəni  və  mənəvi  intibahı  təmin  etdi.

Ciddi narahatlıq doğuran mühüm  məsələlərdən  biri  də  ölkənin  sərvətlərinin  başlı-başına  qalması, talanması  idi. Digər  tərəfdən  dənizin  və  yerin  təkindəki  sərvətlərdən  səmərəli  istifadə  edilməli, xalqın  sərvətinə  çevrilməliydi  ki, inkişafa, rifaha  nail  olunsun. Bunun  üçün  böyük  öndər çox ciddi müqavimətləri  sındıraraq “Əsrin müqaviləsi”ni reallaşdırdı. Bakı-Tbilisi-Ceyhan neft və Tbilisi-Ərzurum qaz kəməri layihələrinin  tam reallığa çevrilməsi Ümummilli Liderimizin uzaqgörənliyinin, qətiyyətinin, zəkasının, müdrikliyinin  və  böyük  siyasətinin  nəticəsi  idi. Bu, adi  saziş deyildi - bu, iqtisadi inkişafımızın təməli, müstəqilliyimizin təminatı  idi.

Azərbaycan  xalqının  taleyi  ilə  aparılan  pərdəarxası  oyunlara,  siyasi  anarxiya və eksperimentlərə  Heydər Əliyevin rəhbərliyi  altında  son  qoyulmuş, ölkədə  cinayətkarlığın  qarşısı tam alınmış, qanunsuz silahlı  dəstələr  ləğv olunmuşdu.  Bunlar  da  bütövlükdə  Azərbaycanda  dövlət quruculuğu prosesinin uğurla aparılması  üçün  şərait  yaratmışdı.

Azərbaycan  dövlətçiliyinin  mövcudluğuna böyük təhlükə olan  1994-cü  il  oktyabr  və  1995-ci  il  mart  dövlət  çevrilişi  cəhdlərinin  qarşısı  Heydər  Əliyevin  qətiyyəti  sayəsində  alınmış,  dövlət  müstəqilliyi  qorunub  saxlanmışdı.

Böyük  öndərin  qurduğu  müasir Azərbaycan  2003-cü  ildə  tərəqqiyə  və  inkişafa  istiqamət  götürüb  inam və qətiyyətlə irəliləyirdi. Böyük  realist  və  praqmatik  siyasətçi  olan  Heydər  Əliyev  isə  insan  üçün  əbədi  olmayan  dünyanın  təbii  qanunlarına  bələd  idi.  Elə  bu  səbəbdən   də  müstəqilliyinin  ən  məsul  dövründə  olan  Azərbaycanı  xoşbəxt  gələcəyə  aparacaq  liderin  kim  olacağı  sualı  onu  çox  düşündürür  və  narahat  edirdi. O bu  məsələni  həll  etməli  idi.  Bu, Vətənə  xidmətin  ən  ali  nümunəsi  idi  və  Heydər  Əliyev  bunu  özünə  müqəddəs  borc  bilirdi.  Heydər  Əliyev  o  vaxtlar  hökumətə  uğurla  rəhbərlik  edən  İlham  Əliyevin  üzərində  dayandı  və  doğma  xalqına  müraciət  ünvanlayaraq deyirdi: “İnanıram ki,  mənim  axıra  çatdıra  bilmədiyim  taleyüklü  məsələləri, planları, işləri  sizin  köməyiniz  və  dəstəyinizlə  İlham  Əliyev  başa  çatdıra  biləcək. Mən ona özüm qədər inanıram və  gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Tarix  bu  böyük  dahinin  uzaqgörənliyini   yenə  təsdiqlədi. Bunun  təsdiqi  üçün  elə də  böyük  bir  vaxt  lazım  gəlmədi. Çünki  İlham  Əliyev  millət  atasının  missiyasını  davam  etdirməyin  sirrini  çox  gözəl  bilirdi. Prezident  İlham  Əliyev  qısa  bir  müddətdə  uğurlara  imza  atdı  və ən böyük  uğuru  isə   44 günlük  Vətən müharibəsində  əldə  edilən  qələbəmiz  oldu. O uğurlar  böyük  qələbələrin  estafeti  kimi  bu gün də davam edir  və xalqımızı  xoşbəxt  gələcəyə  doğru  aparır.

Vətən HÜSEYNOV,

Bakıdakı 3 nömrəli tam orta məktəbin tarix müəllimi

Xəbər lenti