Bakı Ali Neft Məktəbin 1-ci kurs tələbələri Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya ediblər.
Tehsil.biz xəbər verir ki, ekskursiya zamanı tələbələr kolleksiyasında 18 000-dən artıq eksponat qorunan muzeydə Azərbaycan, Qərbi Avropa, Rusiya incəsənəti ilə tanış olublar.
Azərbaycan incəsənəti bölməsində tələbələrə arxeoloji qazıntılar zamanı tapılmış dulusçuluq məmulatları, orta əsrlərə aid bədii metal nümunələri, qədim xalça və xalçaçılıq məmulatları, miniatür və əlyazma kitabları, milli geyimlər və zərgərlik nümunələri haqqında muzey bələdçiləri tərəfindən ətraflı məlumatlar verilib.
Avropa incəsənəti bölməsində tələbələr XVI-XVIII əsr italyan rəssam və keramikaçıların, flamand və holland rəssamlarının, o cümlədən XVI-XIX əsr alman və fransız boyakar və qravürlərinin əsərlərinə tamaşa ediblər. Ekspozisiyanın Rusiya bölməsində XVII əsrin sonu XX əsrin əvvəli rus boyakarlıq məktəbinin tanınmış nümayəndələrinin tabloları nümayiş etdirilir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.