Logo

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçiriləcək

08.05.2022 10:10 369 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 8-də inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir.

DİM-dən bildirilib ki, BB qrupuna aid vəzifələr üzrə imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. Namizəd imtahana şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.

Digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında keçiriləcək. Bu imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər. İmtahan saat 11-də başlanır. Namizədlər saat 10-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar. İmtahanın davametmə müddəti 2 saat 30 dəqiqədir.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün AB qrupu üzrə 3, AC qrupu üzrə 9, BA qrupu üzrə 79, BB qrupu üzrə 207 olmaqla, ümumilikdə 298 namizəd qeydiyyatdan keçib. İmtahanların keçirilməsi üçün 3 imtahan rəhbəri, 26 nəzarətçi müəllim ayrılıb.

Xəbər lenti