Logo

İsmayıl Rafiqoğlu: “Report Media Məktəbi mətbuata açılan kiçik pəncərədir” - MÜSAHİBƏ

06.05.2022 22:17 873 baxış
IMG

Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlunun "Tehsil.biz"ə müsahibəsini təqdim edirik:

- Report Media Məktəbinin jurnalistikaya aid digər təlimlərdən nə kimi fərqli xüsusiyyəti var? 

- Report Media Məktəbində tələbə və müəllimin münasibəti isti, mehribandır. Mən hər bir tələbəmə öz doğmam, yaxınım kimi yanaşıram. Tələbənin problemi mənim problemimdir. Onlar da bunu hiss edirlər. Çalışıram, qrupda olan insanlar mehriban olsunlar, bir-birini dəstəkləsinlər. Yaxşı ab-hava olanda, qrupda hər hansı işi görmək daha maraqlı olur. Həmişə deyirəm, nə sualınız varsa, istənilən mövzuda müzakirə apara bilərik. Belə mühitin olması Report Media Məktəbini digər təlim kurslarından fərqləndirir.

- Tələbələr nəyə görə məhz Report Media Məktəbini seçirlər?

- Heç özümüz də bilmədən çox maraqlı bir layihə yaratmışıq, gözəl bir işə imza atmışıq. Buranı bitirən tələbədən hər zaman müsbət rəy paylaşılır deyə elektron poçtuma dayanmadan müraciət gəlir. Eşidən bilən qoşulmaq istəyir. Ən böyük çətinliyim seçim prosesində olur. “Kimi seçim, kimi seçməyim” sualı daim gündəmdədir. Tələbənin boş-boş gəlib-getməsi yox, buranı tərk edəndən sonra uğur qazanması vacibdir. Tələbə var, uğur qazanması çətindir, ya da mümkünsüzdür. Hələ də beynində qayda-qanun yoxdur. Mənim onun beynində səliqə-sahman yaratmağım mümkünsüzdür. Gərək özü bunu edə. Report Media Məktəbini bitirən hər bir insan buradan başqa cür, fərqli perspektivdə çıxır. İnsan daha planlı, daha məqsədli, daha özgüvənli olur. Dəyişə bilirsə, bir addım önə çıxır.

- Report Media Məktəbində ən yadda qalan tələbəniz kim olub? 

- Yadda qalan tələbə çoxdur. Bu gün kiminsə adını çəkmək doğru olmazdı. Başqalarına qarşı ədalətsizlik olar. Sadəcə, mən ümumi statistika gətirə bilərəm. İstəsən də, istəməsən də, hər qrupdan bir-iki xüsusi istedadlı tələbə olur. Deyirəm, mənə qalan bunlar olacaq. Hətta bir bağlılıq da yaranır. Belə tələbəni doğrudan da uğurlu bir gələcək gözləyir. Həm jurnalistikada, həm də qeyri-sahələrdə. Report Media Məktəbini bitirəndən sonra belə tələbələrlə münasibət qırılmır. Ən sevimli bir tələbəni onların içindən seçmək çətindir. 

- Tələbələrini necə xarakterizə edərdiniz?

- Tələbələr bir neçə kateqoriyaya bölünür. Birincisi, dinləyicidir. Gəlir kursu dinləyir,  çıxıb gedir. İkinci qrupa perspektivi olanlar daxildir. Onları başqalarından seçirəm, bəyənirəm, amma onlar məni ilk mərhələdə o qədər də eşitmirlər. Bəzən də məktəbi bitirib yoxa çıxırlar, nəsə axtarırlar. Sonra gəlib məni yenidən tapırlar, məsləhət istəyirlər.  Onlarla yenə münasibətimiz yaranır. Hər hansı məsələdə dəstək oluram, kömək də edirəm.
Üçüncü qrupa sevimli tələbələri aid edirəm. Jurnalistikanı seçiblər, seviblər, peşəyə uyğundurlar. Onlarla işləmək də xoşdur, istedadı realizə edə bilirlər. Belə tələbə mənim üçün çox qiymətlidir. Dördüncü qrupda intellektual tənbəllər yerləşir. Hər cür potensialı var, lakin praktik iş görməyə biganədir. Qrupda öz intellektini nümayiş edir, amma ortaya jurnalist məhsulu qoymur. 

- Gələcəkdə Report Media Məktəbində hansı yeniliklər gözlənilir?

- Report Media Məktəbinin ilk yarandığı gündən bu günə qədər olan dinamikaya nəzər yetirsək, nə qədər dəyişikliyin olduğunu görərik. Hər yeni gələn qrup Report Media Məktəbini dəyişdirir. Həmin o insanların tələbatını ödəmək bizim əsas məqsədimizdir. Bütün qruplarda eyni şeylərin təkrarlanması heç zaman baş vermir. Layihə inkişaf etməkdə davam edir. Jurnalistikada olan yenilikləri bura gətirməyə çalışırıq. Ümumdünya mətbuatında olan trendləri, mövzuları müzakirə etməyə çalışırıq. Bu da prioritet istiqamətimizdir. Yenilik hər qrupda var.

- Report Media Məktəbini bitirən tələbəni hansı perspektiv gözləyir? 

- Report Media Məktəbi mətbuata açılan kiçik bir pəncərədir. 2 aya jurnalistikanın hər tərəfini əhatə etmək mümkün deyil. Aydın məsələdir, insan bəzən jurnalist olmaq üçün 6 il oxuyur, daim təlimə qoşulur. Heç o qədər də yaxşı jurnalist ola bilmir bəzən. Biz burada tələbəyə lazım olan biliyi yığcam, aydın formada öyrədirik. Praktik olaraq onun icra olunmasına şərait yaradırıq. Perspektiv o insanın öz potensialından asılıdır. İstiqamət veririk, kömək edirik, danışırıq. Amma məzun özü uğur qazanmağa köklənməyibsə, artıq daha çətin olur. Kənar saytlardan da çox müraciət olur, əməkdaş lazımdırsa, uyğun gənci yönləndirirəm. Potensialı olan tələbə özünü doğruldur. 

- Media sahəsində çalışmaq üçün, həqiqətən, jurnalistika üzrə oxumağa ehtiyac varmı?

- Mən hesab edirəm ki, jurnalistika üzrə o qədər böyük təhsilə ehtiyac yoxdur. Əlbəttə, bəzi spesifik sahələri çıxmaq şərti ilə. Telejurnalistika bir qədər fərqli sahədir. Jurnalistikanı biz ümumi götürürük, bu səhvdir. Hazırda jurnalistikanın bir çox qolu, istiqaməti var, bir çox yanaşma var. Media menecmenti deyilən bir sahə var, bizdə diqqətdən kənarda qalıb. Halbuki medianı idarə edən insanlar da lazımdır. Biz hansısa ümumi işlər üzərində dayanırıq, jurnalistikanın geriləməsinin şahid oluruq. Jurnalistə lazım olan biliyi 2 ilə tam mənimsəmək olar. Qalan iki ili gənc jurnalist praktik jurnalistikada keçirməlidir. Səhərdən axşamadək xəbər yazıb çəkiliş meydanında olmalıdır. Əgər bir mövzudan nəzəri danışdıqsa, ardınca praktik iş görmək lazımdır. Akademik təhsildə jurnalistə lazım olmayan xeyli fənn tədris olunur. Dil və ədəbiyyat isə ixtisar edilib. Nəticədə yazı savadı aşağı düşüb. 

- Niyə jurnalistikaya qeyri-ixtisasdan gələnlər çoxluq təşkil edir? 

- Bilirsiniz, istedadlı insan istər jurnalistikada, istər digər sahədə var. İnsan həmişə özünü doğrultmağa çalışır. Daim axtarışdadır. Ola bilər, insan getsin rəsm çəkməklə, kino sahəsi ilə, yazı-pozu ilə özünü doğrultmağa çalışsın. Jurnalistikada insan potensialını üzə çıxarmağa çalışır. Ola bilər, qeyri-peşədə çalışır, sonra məlum olur, bu sahə ona görə deyil. Düşünür, özümü harada tapa bilərəm. Jurnalistikada da ən vacib xüsusiyyətdən biri istedadın, daxildən gələn bir hissin olmasıdır. İstedad yoxsa, bu peşədə çalışmaq olmur. Jurnalist ancaq mənasız işlərə qoşulur, texniki məsələlərlə məşğul olur. Qeyri-ixtisasdan gələn birisi bəzən jurnalistdən uğurlu olur. Onlar seçdiyi ixtisasın üstünlüyünü jurnalist biliyi ilə birləşdirərək irəli gedirlər. Məsələn, iqtisadı təhsili olan şəxs iqtisadi jurnalistikada, politologiyanı bitirən insan siyasi jurnalistikada, idman üzrə diplomu əldə edən isə idman jurnalistikasında çalışır. Xüsusi biliyin olması əhəmiyyətlidir. Mədəniyyətdən yazan müxbirlərin çoxunun incəsənət təhsili var. Açıq deyək:  bəzən jurnalistlərlə tədris keçəndə çətin olur. Nə deyirsən, deyir biz bunu bilirik. Bilirsənsə, niyə etmirsən? Qeyri-peşədən gələn deyir mən heç nə bilmirəm. Müəllim nə desə, etməyə hazıram. Tapşırığı da daha yaxşı yerinə yetirir.

Günel Ayxan

Xəbər lenti