Logo

AƏSMA-da Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konfrans keçirilib - FOTOLAR

06.05.2022 21:19 542 baxış
IMG

6 may  2022-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Modernləşmənin prioritet istiqamətləri: sosial-mədəni və iqtisadi aspektlər” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, sosiologiya elmləri doktoru, professor Hüseyn Qaraşov açaraq bildirib ki, konfransın keçirilməsində əsas məqsəd modernləşmə dövründə Azərbaycanın inkişaf perspektivlərini təhlil etmək, beynəlxalq praktikaya müraciət edərək ətraflı fikir mübadiləsi aparmaq, ölkə rəhbərliyinin məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyətini dəstəkləyərək ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etməkdən ibarətdir. Burada yeni ideyaların verilməsi, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün ən səmərəli üsul və vasitələrin seçilməsinin elmi meyarlarını göstərmək, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri zamanı nəzərə alınması zəruri olan cəhətləri üzə çıxartmaq, milli maraqların qorunmasını nəzərə almaqla orta və uzunmüddətli dövr üçün inkişaf istiqamətlərinin dəqiq müəyyənləşdirilməsində, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarının hazırlanmasında, ölkənin inkişaf yollarında əsaslı dönüşə nail olmaq  üçün təkliflər hazırlayıb aidiyyəti orqanlara çatdırmaqdan ibarətdir.

O qeyd edib ki, Ulu öndər daim Azərbaycanın gələcəyinin uğurlu olması üçün çalışır, bütün fəaliyyətinin əsasında ölkənin sürətlə inkişafına kömək edəcək daha səmərəli  yolların tapılması və onların tətbiqi dayanırdı. Bunun üçün fundamental əsaslara söykənən məntiqli siyasi kurs götürülmüşdü. Bu gün həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Plenar iclasda Uşak Universitesinin (Türkiyə) professoru Adem Sezerin “Qloballaşan dünyada türk  dünyasının sosiomədəni və iqtisadi işbirliyinin önəmi”,  Azrieli Mühəndis Akademik  Kollecinin (İzrail) professoru Pini Davidovun“Qərəzli məlumatların  iqtisadi qərarların qəbul edilməsinə təsiri”, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın şöbə müdiri, fəlsəfə doktoru, dosent Mətləb Mahmudovun “IV sənaye inqilabı və əmək bazarının perspektivi” və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kafedra müdiri, iqtisad elmləri doktoru Vilayət İsmayılovun “Əhalinin həyat səviyyəsi və keyfiyyəti: göstəricilər və indikatorlar” mövzusunda maraqlı məruzələri dinlənilib.

Sonra konfrans “Modernləşmənin iqtisadi-ekoloji aspektləri” və “Sosial-mədəni aspektlər və həmkarlar ittifaqları” panellərində öz işini davam etdirib.

5 ölkənin 26 elm və təhsil müəssisəsini və dövlət qurumlarını təmsil edən 92 nəfər dərin məzmunlu çıxışlar edib, məntiqli təkliflər irəli sürmüş və maraqlı müzakirələr aparılıb.

Xəbər lenti