Logo

Azərbaycan dayanıqlı sülhə nail olmaqla regionu sabitlik və tərəqqi məkanına çevirmək məqsədini uğurla həyata keçirir

05.05.2022 18:00 492 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 29-da ADA Universitetində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirakçıların suallarını dolğun cavablandırması Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara aydınlıq gətirilməsi baxımından mühüm əhəmiyyəti ilə diqqət çəkdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva bildirib.

Prorektor deyib: “Beynəlxalq konfrans bir daha göstərdi ki, müharibə dövründə olduğu kimi, postkonflikt mərhələdə də ölkə rəhbərinin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərk-silah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynayır.

Dövlətimizin başçısı konfransda çıxışı zamanı bildirib ki, müharibə başa çatandan sonra Ermənistanın mina xəritələrini verməməsi səbəbindən ötən müddət ərzində çox sayda azərbaycanlı həlak olub və ya yaralanıb. Bu bədbəxt hadisələr bir daha onu göstərir ki, mənfur düşmən işğaldan sonra nəinki bütün yaşayış sahələrini, infrastrukturu, təmas xəttinə yaxın olan əraziləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb, hətta müharibədən sonra təhlükəli zonaların xəritəsini verməkdən belə imtina edir.
Prezident İlham Əliyev konfransda Qarabağ və Şərqi Zəngəzurda başlanan tikinti-quruculuq layihələrinin icrasını ləngidən ən böyük çətinliklərdən birinin məhz Azərbaycan torpaqlarının işğal dövründə minalanması ilə bağlı olduğunu vurğulayıb.

Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə vandalizm aktı həyata keçirilib. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilib. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır”.

K.Pirverdiyeva vurğulayıb ki, işğaldan azad edilən Qarabağ və ətraf bölgələrimizdə bərpa işləri sürətlə aparılır. Bu torpaqlarda infrastrukturun yenidən qurulması, energetika sisteminin yaradılması xüsusi diqqətdə saxlanılır. Ölkə rəhbərinin konfransda bildirdiyi kimi, Qarabağ və ətraf bölgələrimizdə bərpa olunan enerji mənbələrinin reallaşdırılmasına mühüm önəm verilir. Ölkə başçısının ötən il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalaması da bunun bariz nümunəsidir.
“Beləliklə, “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda Şuşa şəhərində və paytaxt Bakıda keçirilmiş beynəlxalq konfrans dünyanın müxtəlif ölkələrinin beyin mərkəzləri üçün çox faydalı oldu. Biz əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin politoloqlarla açıq və səmimi dialoqu Cənubi Qafqaz regionu üzrə və ümumilikdə beynəlxalq məsələlərə dair analitik tədqiqatlar üçün ən yaxşı stimuldur.

Artıq beynəlxalq aləm şahid oldu ki, 44 günlük müharibədə mütləq qalibiyyət əldə edən Azərbaycan gələcəyə inamla baxır və dayanıqlı sülhə nail olmaqla regionu sabitlik və tərəqqi məkanına çevirmək məqsədini uğurla həyata keçirir. Ölkə başçısının bu gün regionda erməni işğalçılarından Azərbaycan torpaqlarının azad edilməsinə yönəlmiş ədalətli siyasəti Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq adasına çevrilməsini təmin edən yeganə ağıllı güc olacaq”, - deyə prorektor K.Pirverdiyeva fikrini yekunlaşdırıb.

Xəbər lenti