Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan IX Spartakiadanın bağlanış mərasimi və fakültələrarası futzal yarışının final mərhələsi keçirilib.
Tehsil.biz xəbər verir ki, AzTU-nun İdman sarayında təşkil olunan tədbirdə rektor Vilayət Vəliyev və universitet nümayəndələri iştirak edib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
AFFA və AzTU-nun təşkilatçılığı ilə keçirilən futzal yarışının finalında İnformasiya və telekommunikasiya texnologiyaları və Energetika və avtomatika fakültələrinin komandaları qarşılaşıb. 7:1 hesabı ilə Energetika və avtomatika fakültəsinin komandası futzal yarışının qalibi olub.
Daha sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan IX Spartakiadanın bağlanış mərasimi keçirilib. AzTU-nun rektoru Vilayət Vəliyev spartakiadada yüksək nəticə göstərib qalib gələn AzTU əməkdaşlarını və tələbələri təbrik edib. Azərbaycanın dünyada həm də idman ölkəsi kimi tanındığını qeyd edən rektor bildirib ki, AzTU-nun tələbələri arasında dünya və Avropa çempionlarının olması qürurvericidir. Qeyd olunub ki, idmanın inkişafı həm ölkəmizin beynəlxalq arenada tanıdılması, həm də gənc nəslin sağlam həyat tərzinin inkişafında mühüm amillərdən biridir.
Daha sonra qaliblərə medallar təqdim olunub.
Qeyd edək ki, 200-dən çox əməkdaş və tələbənin iştirak etdiyi IX Spartakiadada Nəqliyyat və logistika, Energetika və avtomatika fakültəsinin əməkdaşları yüksək nəticə göstərib. Tələbələr arasında isə ən yüksək nəticə Energetika və avtomatika fakültəsinin komandasına məxsus olub.