Logo

Pedaqoji Universitetdə “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” adlı tədbir keçirilib

04.05.2022 20:22 562 baxış
IMG

Mayın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə  ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” adlı tədbir keçirilib. 

Tehsil.biz xəbər verir ki, tədbirdə Universitetin rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müvafiq struktur bölmələrin rəhbərləri, professor-müəllim heyəti və fəal tələbələr iştirak ediblər. 

Öncə iştirakçılar İncəsənət və fiziki tərbiyə fakültəsinin tələbələrinin əsərlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. 

Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra ulu öndərin həyat və fəaliyyətini əks etdirən qısametrajlı sənədli film nümayiş olunub. 

Çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə cəmi 1 il qalır.  Qarşıdakı dövrdə Azərbaycanın şəhər və rayonlarında, idarə, müəssisə və təşkilatlarda, o cümlədən Pedaqoji Universitetdə  əlamətdar yubiley münasibətilə  xüsusi fəaliyyət planı hazırlanacaq və  il ərzində çoxsaylı tədbirlər keçiriləcəkdir. 

Heydər Əliyevin dünyanın nadir dühalarından biri olduğunu qeyd edən rektor vurğulayıb ki, o, xalqımızın çoxəsrlik tarixində yetişdirdiyi ən görkəmli dövlət xadimləri sırasında uca yer tutur. Heç şübhəsiz, XX əsrin sonu-XXI əsrin əvvəllərində Azərbaycana Heydər Əliyev kimi təcrübəli bir şəxsin rəhbərlik etməsi xalqımızı böyük bəlalardan qurtardı. Məhz Heydər Əliyev faktoru 1993-cü ildə ölkəmizi tam işğal olunmaq, bir neçə hissəyə parçalanmaq, yenicə qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Azərbaycan demokratik və hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu yoluna qədəm qoydu, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edildi.  

Natiq diqqətə çatdırıb ki, Heydər Əliyevin 10 il ərzində  formalaşdırdığı  möhkəm bünövrə əsasında cənab Prezident İlham Əliyevin addımbaaddım həyata keçirdiyi ardıcıl, məqsədyönlü, zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş siyasət sayəsində 2020-ci ilin cəmi 44 günü ərzində düşmən ordusu darmadağın edildi, təcavüzkar Ermənistan biabırçı təslim aktını imzalamağa məcbur oldu.  Təxminən il yarımdır ki,  dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi və nəzarəti altında düşmən tapdağından azad olunmuş torpaqlarımızda genişmiqyaslı tikinti-quruculuq və bərpa-abadlıq işləri aparılır, Qarabağa böyük qayıdışın tezləşməsi üçün  zəruri addımlar atılır.

Prof. C.Cəfərov deyib: “Bu gün ulu öndərin ən böyük arzusu reallığa çevrilib: müstəqil Azərbaycan Respublikası postsovet məkanında öz ərazi bütövlüyünü silah gücünə, ildırımsürətli müharibə yolu ilə bərpa edə bilmiş ilk və yeganə ölkə olub. Bugünkü Azərbaycan məhz Heydər Əliyevin görmək istədiyi müasir, müstəqil və qüdrətli Azərbaycandır”.

Sonra çıxış edən prof. Oqtay Sultanov Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti haqqında geniş məruzə edib. Tələbələr adından söz alan Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Tərlan Ağayev isə dahi şəxsiyyətin gənclərlə bağlı uzaqgörən siyasətindən söz açıb.

Bədii hissədə İncəsənət və fiziki tərbiyə fakültəsinin müəllimi Cavid Hüseynov Heydər Əliyevin ən çox sevdiyi xalq mahnılarından biri olan “Küçələrə su səpmişəm”, fakültənin tələbə xor kollektivi isə mərhum bəstəkar Nailə Mirməmmədlinin “Ulu öndər” mahnısını ifa ediblər. Həmçinin Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Bilqeys Abbasova “Ulu öndər” şeirini səsləndirib. 

Sonda Universitetin bir neçə müəllim və tələbəsinə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.

Xəbər lenti