Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransı işinə başlayıb. Məqsəd gəncləri elmi yaradıcılığa cəlb etmək və elmi-tədqiqat işlərinin nəticələrini müzakirə etməkdir.
Tehsil.biz xəbər verir ki, əvvəlcə AzTU-nun foyesində ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb, xatirəsinə ehtiram ifadə olunub.
İştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev ümummilli lider Heydər Əliyevin təhsilin və elmin inkişafı istiqamətində misilsiz xidmətlərindən söhbət açıb. Tədbirin əhəmiyyətindən danışan rektor deyib ki, bu il konfransa ölkənin 45 ali təhsil müəssisəsindən 800-ə yaxın elmi məqalə təqdim olunub. Bunlardan 400-dən çoxu konfransın materiallarına daxil olunub. Rektor iki gün davam edəcək konfransın işinə uğurlar arzulayıb.
Daha sonra Tədqiqat və inkişaf şöbəsinin müdir müavini Nağı Qasımovun “Sındırma əmsalı mənfi olan metamateriallar: bəzi xassələri və tətbiqləri” və Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının assistenti Dilarə Quluzadənin “Məlumatların intellektual analizi “Big Data” təhlükəsizliyi texnologiyası kimi” mövzusunda məruzələri dinlənilib.
Qeyd edək ki, 11 bölmə üzrə davam edəcək konfrans işini mayın 5-də yekunlaşdıracaq.