Logo

BDU-nun kafedra müdiri İqtisadiyyat və Humanitar Kollecdə ustad dərsi keçib

04.05.2022 14:01 511 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsi və Universitetin nəzdində İqtisadiyyat və Humanitar Kollec arasında əlaqələr genişlənir.

Tehsil.biz xəbər verir ki, bu məqsədlə təşkil olunan tədbirdə Kitabxanaçılıq-informasiya fakültəsinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov İqtisadiyyat və Humanitar Kollecdə “Kitabxana-informasiya təminatı”, “Arxiv işi və kargüzarlıq” ixtisasları üzrə təhsil alan tələbələrə “Müasir cəmiyyətdə informasiya fəaliyyətinin rolu” mövzusunda ustad dərsi keçib.

Nadir İsmayılov əvvəlcə BDU-da artıq ənənə halını almış ustad dərsləri barədə məlumat verib, İqtisadiyyat və Humanitar Kollecdə ustad dərslərinin təşkilini yüksək dəyərləndirib. Mühazirədə mövcud sahə üzrə kadr hazırlığının tarixi, müasir vəziyyəti və gələcəyinə dair innovativ elmi paradiqmalar təhlil edilib. Qlobal informasiya mühitinin formalaşması şəraitində sahə üzrə kadr hazırlığına verilən tələblər, əmək bazarının rəqabətədavamlı mütəxəssislərlə təminatı sahəsində qarşıda duran vəzifələr konseptual şəkildə izah olunub. Natiq BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin bu prosesdəki tarixi təcrübəsini və ənənələrini vurğulayaraq, kolleclə mütəmadi əlaqələrin vacibliyini diqqətə çatdırıb. Mühazirədə həmçinin qlobal informasiya mühitində dünya və Azərbaycan təcrübəsinə əsaslanmaqla informasiya cəmiyyəti quruculuğu, bu prosesdə kitabxanaçılıq və informasiya fəaliyyətinin rolu ilə bağlı təhlillər aparılıb, mövcud sahədə dövlət siyasətinin prioritetləri şərh olunub. Ustad dərsi iştirakçıların xüsusi marağına səbəb olub, tələbə və müəllimlərin çoxsaylı sualları məruzəçi tərəfindən cavablandırılıb.

Görüşdə həmçinin İqtisadiyyat və Humanitar Kollec ilə Kitabxanaçılıq-informasiya fakültəsi arasında əlaqələrin davam etdirilməsi, kollecdə mütəmadi olaraq mühazirələrin təşkili, tələbələrin tədris vəsaitləri ilə təminatında fakültənin iştirakı, birgə konfransların, kütləvi tədbirlərin keçirilməsi kimi məsələlərlə bağlı müzakirələr aparılıb. Bütün bunların İqtisadiyyat və Humanitar Kollecdə pedaqoji mühitin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.

Xəbər lenti