Aprelin 29-da Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Türkiyənin Bolu Abant İzzet Baysal Universiteti arasında əməkdaşlıq görüşü keçirilib.
ADPU-dan bildirilib ki, görüşdə Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov, Bolu Abant İzzet Baysal Universitetinin rektoru Mustafa Alişarlı və həmin universitetin dosenti Ayhan Çetinkaya, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və başqaları iştirak edib.
Görüş zamanı iki universitet arasında “Mövlanə mübadilə proqramı” protokolu və əməkdaşlıq müqaviləsi imzalanıb.
“Mövlanə mübadilə proqramı” protokolunun məqsədi iki universitet arasında tələbə mübadiləsini, birgə akademik/elmi tədqiqat layihələrini, konfransların, seminarların və panellərin təşkilini, birgə distant və yay məktəbi proqramlarını həyata keçirməkdir.
Görüş çərçivəsində qonaqlar Pedaqoji Universitetin Heydər Əliyev Muzeyi, böyük akt zalı və yeni istifadəyə verilmiş Kitabxana-İnformasiya Mərkəzi ilə tanış olublar.