Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu (İAETİ) ilə Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) arasında görüş keçirilib.
UNEC-dən bildirilib ki, görüşdə İKSAD-ın direktoru Mustafa Lətif Emek və İAETİ-nin direktoru professor Yadulla Həsənli rəhbəri olduqları qurumun fəaliyyəti barədə fikir mübadiləsi apararaq, əməkdaşlıq imkanlarını müzakirə ediblər. Y.Həsənli İAETİ tərəfindən keçiriləcək “Regional inkişaf və rəqəmsal iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans barədə məlumat verib.
M.L.Emek konfransa təşkilati dəstək göstərəcəklərini və təqdim olunmuş məqalələrin əməkdaşlıq etdikləri “Scopus” və “Web of Scince” bazalarına daxil olan jurnallara təqdim edəcəklərini bildirib.
Sonra İKSAD ilə İAETİ arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddə tərəflər arasında birgə elmi fəaliyyət, o cümlədən konfransların keçirilməsi, elmi qrantların yerinə yetirilməsi, beynəlxalq nüfuzlu jurnallarda məqalələrin dərc olunması və digər müddəalar öz əksini tapıb.