Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” XXI beynəlxalq elmi-praktik konfrans keçirilib.
ADMİU-dan bildirilib ki, konfrans ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı tədbirlər planına uyğun Şuşa şəhərinin 270 illiyinə həsr olunub.
Konfransı ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq Vətən müharibəsi nəticəsində qazanılan böyük Zəfərdən, Şuşa kimi strateji əhəmiyyətə malik şəhərin azad olunmasının önəmindən danışıb. O bildirib ki, Şuşa tək Qarabağın, Azərbaycanın deyil, bütün türk dünyasının ən mühüm mədəniyyət ocaqlarından biridir. Bu torpaqdan yetişən dahi musiqiçilər, şairlər, rəssamlar və digər sənət nümayəndələri türk mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna rola sahibdirlər. Rektor bütün bunlara görə 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsinin, eləcə də Şuşanın 2023-cü ilin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsinin təsadüfi olmadığını bildirib.
Konfransın işinə və iştirakçılara uğurlar arzulayan C.Mahmudova tədbirin uğurla nəticələnəcəyinə ümidvar olduğunu vurğulayıb.
Tədbirdə Azərbaycanın müxtəlif ali təhsil ocaqlarından nümayəndələrlə yanaşı, xarici ölkələrdən də mütəxəssislər iştirak ediblər. ABŞ, Kanada, Yaponiya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdən konfransa onlayn qoşulan alimlər məruzələrlə çıxış ediblər.
Konfrans işini “Şuşa-270. Qarabağın musiqi mədəniyyəti müasir elmi paradiqmanın tədqiqat obyekti kimi”, “Fikrət Əmirov – 100. Ənənəvi musiqi və bəstəkar” problemi musiqişünaslığın son nailiyyətləri kontekstində” və “Türksoylu xalqların bədii mədəniyyətinin araşdırılması problemləri” mövzularında 3 bölmə üzrə davam etdirib. ADMİU-nun professoru Kamilə Dadaşzadə, dosentlər Gülnar Verdiyeva və Güllü İsmayılovanın moderatorluğu ilə keçirilən bölmə iclaslarında mövzu ilə bağlı məruzələr dinlənilib.