Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbu orqanı olan "Gənc Müəllim" budəfəki sayı tamamilə gələcəyin gənc müəllimləri, bu günün tələbələrinə həsr olunub.
Tehsil.biz xəbər verir ki, xüsusi buraxılışda Pedaqoji Universitetin Bakıdakı fakültələrində, Quba, Şamaxı, Şəki, Ağcabədi, Cəlilabad filialları və Pedaqoji Kollecdə təhsil alan ümumilikdə 55 nəfər təhsildə ictimai həyatda fərqlənən uğurlu tələbələr haqqında məlumat verilir, onların təəssüratları, abituriyent və tələbə yoldaşlarına tövsiyələri yer alır. O cümlədən bu tələbələrdən 4 nəfəri hazırda “Erasmus+” mübadilə proqramı ilə təhsillərini Danimarkada davam etdirir.
Həmçinin qəzetdə aktiv tələbələr və tələbə təşkilatlarının fəaliyyəti, yerli və beynəlxaq uğurları ilə bağlı xəbərlər də işıqlandırılır.
ADPU-nun rektoru professor Cəfər Cəfərov aprelin 29-da bu tələbələrin bir qismi ilə görüş keçirib.
Görüşdə həmçinin sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli və mətbuat katibi Cavid Hüseynov da iştirak edib.
Səmimi söhbət zəminində keçən görüşdə prof. C.Cəfərov onları təbrik edərək tələbələrin təhsil və ictimai inkişafı üçün ən yaxşı şəraitin yaradılmasının Pedaqoji Universitetin əsas məqsədlərindən olduğunu və bu istiqamətdə ötən il ərzində xeyli işlər görüldüyünü diqqətə çatdırıb.
Rektor qeyd edib ki, hər bir tələbəyə fərdi yanaşmaq, onların təklif və çətinliklərini operativ olaraq həll etmək, effektiv əks-əlaqəni təmin etmək üçün universitetin Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi əyani və onlayn formada müntəzəm fəaliyyət göstərir.
Tələbələrin inkişafını stimullaşdırmaq yönündə müxtəlif çeşidli tədbirlərin icra olunduğunu vurğulayan ADPU rektoru tələbə təşkilatları üçün yaradılan geniş fəaliyyət dairəsi və dəstəyin, müxtəlif elmi müsabiqə və yarışların, tədrisdə fərqlənən tələbələrə əlavə olaraq adlı təqaüdlərin verilməsinin, ümumiyyətlə təqaüd yerlərinin 70 faizə qədər artırılmasının bunun nümunələrindən olduğunu diqqətə çatdırıb. Bütün bunların nəticəsidir ki, cari ildə Pedaqoji Universitetə qəbul olunan tələbələrin 74 faizi 400 baldan yüksək nəticə toplayanlardır. Qeyd olunub ki, "Gənc Müəllim"in də tələbələrimizi daim diqqət mərkəzində saxlaması tələbələr üçün real stimulun göstəricisidir.
Tələbələr də öz növbəsində göstərilən diqqətə görə universitet rəhbərliyinə və qəzetin redaksiyasına təşəkkürlərini bildirib, öz fikir və təkliflərini bölüşüblər.
Sonda tələbələrə qəzetin sayları və ADPU-nun 100 illiyi ilə bağlı xatirə hədiyyələri təqdim edilib, xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, “Tələbə” xüsusi buraxılışının elektron variantını QR kodu skan edərək oxuya bilərsiniz.