Logo

Pedaqoji Universitetdə TGT sədri seçkilərinin nəticələri bəlli olub

29.04.2022 14:09 437 baxış
IMG

Aprelin 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının (ADPU TGT) VIII Hesabat-seçki konfransı keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda ADPU-nun prorektorları professor Fikrət Rzayev və Tural Cəlilov, Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli, baş katibi Orduxan Qəhrəmanzadə, ADPU TGT-nin idarə heyətinin üzvləri, o cümlədən universitetin digər tələbə təşkilatlarının nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən sosial və humanitar məsələlər üzrə prorektor prof. F.Rzayev bildirib ki, ADPU TGT ölkə ali və orta ixtisas təhsili müəssisələrinin tələbə təşkilatları arasında ən geniş fəaliyyət dairəsinə və aktivliyə malik təşkilatlardan biri kimi özünü doğrultmuşdur. Bunun nəticəsidir ki, ADPU TGT son illərdə üç dəfə respublika üzrə “İlin TGT-si” seçilmişdir. ADPU-nun 100 illik yubiley mərasimində tələbələr adından məhz təşkilatın sədri İsmayıl Nəsirov çıxış etmiş, gənclərin mesajlarını elmi-pedaqoji ictimaiyyətə çatdırmışdır.

ATGTİ-nin sədri P.Mirələmli bildirib ki, ADPU TGT-nin sədri İ.Nəsirov və onun komandası pandemiya dövrünün çətinliklərinə baxmayaraq bu gərgin dövrdə tələbələrin marq və ehtiyaclarına uyğun genişmiqyaslı layihələr həyata keçirmiş, yüzlərlə tədbir təşkil etmişdir. Bunun nəticəsində Pedaqoji Universitetin TGT-si 2021 və 2022-ci illərdə ardıcıl olaraq iki dəfə “İlin TGT-si” adına layiq görülmüşdür.

P.Mirələmli diqqətə çatdırıb ki, hazırkı sədr İ.Nəsirov özündə liderlik və komanda ilə işləmək bacarığını yüksək səviyyədə birləşdirərək şəxsi nümunə ortaya qoymuş, fəaliyyəti ərzində həmçinin ATGTİ-nin sədr müavini kimi məsul vəzifəni də icra etmişdir. Bunları nəzərə alaraq ATGTİ tərəfindən təsis olunan “Fəxri Diplom”la da ilk olaraq onu təltif etməyi təbii hesab etdik.

Təltifetmədən sonra hesabat məruzəsi ilə çıxış edən ADPU TGT sədri İ.Nəsirov təşkilatın fəaliyyət istiqamətləri və 2020-2022-ci illər ərzində görülən işlərlə bağlı məlumat verərək vurğulayıb ki, pandemiya səbəbindən öz işini böyük ölçüdə onlayn platformada da davam etdirən TGT ötən ik il ərzində ümumilikdə 635 tədbir və layihə təşkil edib ki, bunların da 69-u əyani, 566-sı isə onlayn formada baş tutub. Təşkilat fəaliyyətində müvafiq dövlət qurumları, ictimai təşkilatlar, habelə universitetdaxili və digər universitetlərdə fəaliyyət göstərən tələbə təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışmışdır.

Daha sonra ATGTİ-nin baş katibi O.Qəhrəmanzadə aprelin 27-də universitetin bütün tədris binalarında keçirilən TGT sədr seçkilərində tələbələrin yüksək fəallıq göstərdiklərini və yekunda sədrlik uğunda mübarizə aparan namizədlərdən Təhmasib İmaməliyevin səs çoxluğu ilə yeni sədr seçildiyini, digər namizəd Bikəxanım Qulaməddinovanın isə müvafiq olaraq sədr müavini kimi yeni heyətdə fəaliyyətini davam etdirəcəyini bildirib.

ADPU TGT-nin yeni sədri T.İmaməliyev çıxış edərək ona göstərilən etimada görə universitet rəhbərliyinə və bütün tələbələrə minnətdarlığını bildirərək əvvəlki idarə heyətləri tərəfindən yaradılan yüksək səviyyəni qorumaq və  daha da yüksəltmək yolunda əzmlə çalışacaqlarını ifadə edib.

Xəbər lenti