Logo

İlk prezident təqaüdçüləri indi haradadır? - FOTOLAR

28.04.2022 12:54 478 baxış
IMG

Məlum olduğu kimi, Azərbaycan gəncliyinin inkişafına xüsusi töhfə olaraq Ümummilli lider Heydər Əliyevin 3 sentyabr 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdü təsis edilib. Hər il ali məktəblərə qəbul imtahanlarında 5 ixtisas qrupunun hər biri üzrə məhz ən yüksək nəticə göstərmiş 5 tələbəyə onları şəxsən qəbul edib ictimai həyata uğurlayan Heydər Əliyev tərəfindən Prezident təqaüdü verilib, son illər Dövlət Başçısı İlham Əliyevin gənclərimizə xüsusi qayğısı olaraq bu say daha da artırılıb.

Həmin Fərmandan ötən 20 il ərzində təhsil qabaqcılı olan gənclərə xüsusi dövlət qayğısı nə dərəcədə nəticə vermişdir? Həmin gənclər indi haradadır?

"Qafqazinfo" Prezident təqaüdü təyin edilmiş ilk gənclərlə bağlı araşdırma aparıb:

Mansurov Həsən İsa oğlu Respublika üzrə III ixtisas qrupunda ən yüksək göstəriciyə görə 2002-ci ildə müvafiq Sərəncamla Prezident təqaüdünə layiq görülüb. Həsən Mansurov hazırda Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin rəisidir. Ölkədə ictimaiyyətin xüsusi rəğbətlə qarşıladığı ən iri cinayət işlərinin istintaqının təşkili ilə tanınır. Mətbuat məlumatlarına əsasən, Həsən Mansurov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ədliyyə general mayoru rütbəsi, müxtəlif ordenlərə layiq görülmüşdür. O, general rütbəsinə yüksəlmiş ilk Prezident təqaüdçüsüdür. Tutduğu vəzifənin xarakterinə görə mətbuatla şəxsən təmasdan bir qədər uzaq olsa da, mətbuat general Mansurovu ictimaiyyət içində diqqətdən qaçırmır.  

Musayeva Samirə Fəxrəddin qızı 2003-cü ildə həmin ixtisas qrupunda ilk ən yüksək göstəricilər sırasında olmaqla müvafiq Sərəncamla Prezident təqaüdünə layiq görülüb. Samirə Musayeva hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə”, “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir. Samirə Musayeva ölkədə aparılan vergi islahatları və onların hədəfləri, sahibkarların fəaliyyətlərinin səmərəli təşkili ilə bağlı davamlı, təqdirəlayiq müsahibələri ilə ictimaiyyətə və kütləvi informasiya vasitələrinə yaxından tanışdır. 

Əzizova Jalə Akif qızı - 2002-ci ildə həmin ixtisas qrupunda ilk ən yüksək göstəricilər sırasında olmaqla müvafiq Sərəncamla Prezident təqaüdünə layiq görülüb. Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin Hüquq məsələləri üzrə məsləhətçisi Jalə Əzizova Komitənin Azərbaycan nümayəndəliyini təmsil edən beynəlxalq ekspertdir. Jalə Əzizova Azərbaycan Respublikasında beynəlxalq humanitar hüquq sahəsində gərgin əməyi ilə tanınır. Onun ölkəmizin tale yüklü dövründə münaqişə zonasında əziyyət çəkən vətəndaşlarımızın haqlarının qorunması və dünya ictimaiyyətinə çatdırılması,  ictimai həyatın ən müxtəlif sahələrində maarifləndirmə və təlimlərin təşkili ilə bağlı gördüyü işlər əvəzedilməzdir. Jalə Əzizova qeyri-hökumət təşkilatları ilə yaxından və səmərəli əməkdaşlıq edir, onun fəaliyyəti kütləvi informasiya vasitələrində müntəzəm işıqlandırılır.

Zülfüqarov Ülvi Vaqif oğlu 2001-ci ildə ali məktəblərə qəbul imtahanlarında ilk ən yüksək göstəricilər sırasında olmaqla müvafiq Sərəncamla Prezident təqaüdünə layiq görülüb. Ülvi Zülfüqarov hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisidir. Ülvi Zülfüqarovun Dövlət Gömrük Komitəsində fəaliyyəti son illər gömrük xidməti sahəsində aparılan islahatlar, şəffaflığın, gərgin işin səmərəli təşkilinin təmin edilməsinə gənc və savadlı kadrların cəlb edilməsinə parlaq nümunədir.  

Dəmirov Orxan Novruz oğlu 2001-ci ildə ilk ən yüksək göstəricilər sırasında olmaqla müvafiq Sərəncamla Prezident təqaüdünə layiq görülüb. Orxan Dəmirli hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentiyində şöbə müdiridir. Daha əvvəl Azərbaycan Respublikası Baş Prokurorluğunda çalışmış Orxan Dəmirli Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Orxan Dəmirli hazırda ölkəmizdə “Asan Xidmət”in mütərəqqi fəaliyyətinin işıqlandırılması sahəsində aktivliyi ilə diqqət çəkir. 

Məhz öz xüsusi savadı ilə yüksələn kadrların olması dövlətimizin uzunmüddətli və məzmunlu kadr siyasətinin göstəricidir. Bu sahədə araşdırmamız davam edir.

Xəbər lenti