Logo

Növbəti dərslər Zərifə Əliyevanın xatirəsinə həsr olunub - FOTO

27.04.2022 18:20 303 baxış
IMG

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda növbəti dərslər görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunub.

Tehsil.biz xəbər verir ki,  “Heydər Əliyev və ailə dəyərləri” mövzusuna həsr olunmuş dərslərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatınnı sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Aynur Hüseynova, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər. Dərs ulu öndərin, Zərifə Əliyevanın və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına hər zaman qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin ailə dəyərlərinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Ulu öndərin həyat yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın zəngin elmi irsinin bu gün də aktual olduğunu söyləyən M.Vəliyeva onun elmi-pedaqoji, ictimai fəaliyyətinin həkimlərin yeni nəslinin yetişməsinə, Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərməsindən bəhs edib.

Çıxış edənlər müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, akademik Zərifə Əliyevanın Azərbaycanda oftolmologiyanın inkişafına göstərdiyi misilsiz xidmətlərdən danışıblar. Bildiriblər ki, böyük alim olmaqla yanaşı, qayğıkeş ana, nümunəvi həyat yoldaşı olan Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyətində ona hər zaman mənəvi dayaq olub.

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən dərslər 2021-2022-ci tədris ilinin sonuna kimi bütün paytaxt məktəblərini əhatə edəcək.

Xəbər lenti