Logo

“Fasiləsiz təhsil prosesində kitabxanaların rolu” mövzusunda elmi seminar

27.04.2022 14:06 661 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “Fasiləsiz təhsil prosesində kitabxanaların rolu” mövzusunda elmi seminar olub.

BDU-dan bildirilib ki, seminarda Kitabxanaşünaslıq kafedrasının müəllimi Aygün Əliyevanın məruzəsi dinlənilib.

A.Əliyeva fasiləsiz təhsil anlayışını izah edib, bu ideyanın tarixi, mənbələri və yaradıcıları barədə məlumat verib. Qeyd edilib ki, fasiləsiz təhsil ideyası praktik olaraq XX əsrin məhsulu olsa da, onun mənbəyini görkəmli şəxsiyyətlərin, filosofların, o cümlədən Məhəmməd Peyğəmbər, Konfutsi, Aristotel, Sokrat, Platon, Nizami, Tusi, Bəhmənyarın fikirlərində tapmaq olar.

Məruzədə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədar biliklərin əsasını təşkil edən məlumatların sürətlə yeniləndiyi və təkmilləşdirildiyi bildirilib. Belə şəraitdə bir dəfə ali təhsil almaqla ömürboyu bacarıqlı mütəxəssis kimi çalışmağın mümkün olmadığına da diqqət çəkilib. Vurğulanıb ki, hər bir mütəxəssis mütəmadi olaraq biliklərini artırmağı, yenilikləri çevik şəkildə mənimsəməyi, informasiya tələbatını ödəməyi, özünü təkmilləşdirməyi bacarmalıdır. Bütün bunların həyata keçirilməsi isə fasiləsiz təhsil mühiti ilə birbaşa bağlıdır. Məruzəçi qeyd edib ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda fasiləsiz təhsil prosesi öz əksini tapıb. Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası”nda fasiləsiz təhsilin mahiyyəti, prinsipləri, inkişaf tendensiyaları şərh olunub.

Araşdırmada fasiləsiz təhsil sisteminin formalaşmasında kitabxanaların aparıcı rol oynadığı diqqətə çatdırılıb. Bildirilib ki, fasiləsiz təhsil sistemində kitabxanaların əsas missiyası müxtəlif yaş qruplarından olan oxucuları, o cümlədən müxtəlif peşə sahiblərini informasiya mənbələri ilə təmin etməkdir. Bu mənada kitabxanaların iştirakı olmadan fasiləsiz təhsil mühitinin qurulması, inkişaf etdirilməsi qeyri-mümkündür. Fasiləsiz təhsil prosesinin həyata keçirilməsində aparıcı həlqə olan kitabxanalar davamlı olaraq istifadəçilərin informasiya ehtiyaclarını dolğun, keyfiyyətli şəkildə ödəyir. Xüsusilə innovativ texnologiyaların kitabxana işinə tətbiqi fasiləsiz təhsil prosesinin inkişafına zəmin yaradır.

Sonra müzakirələr aparılıb.

Xəbər lenti