Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təqdim etdiyi təhsil imkanlarını Bakıda və regionlarda tanıtmaq, bacarıqlı və savadlı abituriyentləri UNEC-ə cəlb etmək məqsədilə ali məktəbin professor-müəllim heyətinin Azərbaycanın bölgələrinə səfərlərinə start verilib.
Tehsil.biz xəbər verir ki, UNEC-in dosenti Təranə Əliyeva, baş müəllimlər Tahirə Kərimova, Azər Məmmədov ezamiyyətin ilk günündə Qusar rayonunda səfərdə olublar.
Rayonun 2, 3, 4 və 6 saylı məktəblərinin şagirdləri ilə görüşüblər. Dosentlər Hənifə Cəfərli, İlqar Rəcəbov və dekan müavini Elbrus Əkbərov Yevlax rayon orta məktəblərində, professor Ümidvar Əliyev, dekan müavini Azər Qarayev isə Şirvan məktəblərində abituriyentlərlə görüşüblər.
Nümayəndə heyəti şagirdlər qarşısında UNEC barədə təqdimatla çıxış edib. Şagirdlərə UNEC-ə I, II, III, IV və V ixtisas qrupları üzrə qəbulun həyata keçirildiyi, tədrisin 4 dildə - Azərbaycan, ingilis, rus və türk dillərində aparıldığı bildirilib. Universitetdə tədris prosesinin tamamilə elektronlaşdırıldığı, bütün auditoriyaların elektron tribuna və proyektorlarla təchiz edildiyi vurğulanıb. Beynəlxalq olimpiada qaliblərinə, 600 və daha yüksək bal toplayan tələbələrə əlavə olaraq bir semestr boyu aylıq 100 AZN həcmində xüsusi təqaüd verildiyi, həmçinin hər kurs üzrə ən yüksək nəticə göstərmiş 15 tələbəyə universitet hesabına ikinci əlavə təqaüd verildiyi qeyd edilib. UNEC-in Amerika və Avropa universitetləri ilə ikili diplom və mübadilə, eləcə də UDİD və menor proqramları barədə də ətraflı məlumat verilib. UNEC-in 24/7 kitabxanası, Yaradıcılıq Mərkəzi, İdman Klubunun fəaliyyətindən bəhs olunub.
Sonra şagirdlərə UNEC-in bukletləri paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.