“Əmək bazarının tələblərinə uyğun kadr hazırlığı məsələnin bir tərəfidir. Fikrimizcə, daha önəmlisi iş axtaranlarla müqayisədə daha çox iş yeri yaradan mütəxəssislər formalaşdırmaqdır”.
Tehsil.biz xəbər verir ki, bunu UNEC-in rektoru, professor Ədalət Muradov bildirib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, rəqəmsallaşma prosesi sürətlə genişlənsə də, rəqəmsal iqtisadiyyat üzrə əmək bazarının tam formalaşdığını və ona görə də rəqəmsal iqtisadiyyat üzrə əmək bazarının tələbi haqqında danışmaq tezdir:
"Rəqəmsal iqtisadiyyat üzrə əmək bazarının tələbi formalaşmadığı üçün universitetlərin inkişafın önünə keçərək özlərinin proqnoz və qiymətləndirmələri əsasında gələcək mütəxəssis hazırlığını həyata keçirməsi tələb olunur. Bu zaman ən ciddi problemlərdən biri mütəxəssislər hazırlığına icazə verilən ixtisaslar siyahısının və yeni ixtisaslar üzrə proqramların mərkəzləşdirilmiş qaydada və bütövlükdə müəyyən dövr üzrə dəyişməz və vahid standartların qəbul edilməsidir”.
Professor bildirib ki, eləcə də iş yeri yaradan mütəxəssislərin formalaşdırılması hər bir təhsilalanın fərdi bacarıqlarına əsaslanan fərdi təhsil trayektoriyasının tətbiqini tələb edir:
"Məzunlarda yumşaq və sərt bacarıqlar, karyera planlaması vərdişlərini aşılamaq ön plana çıxır. Şübhəsiz ki, gələcək məzunların bacarıqları əsas götürülməklə bakalavr təhsilinin təsnifatlaşdırılması da tələb olunur".