AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan–Fransız Universitetinin (UFAZ) magistrantları elmi təcrübə proqramının həyata keçirilməsinə başlayıblar.
Tehsil.biz xəbər verir ki, təcrübənin ilk günü institutun baş direktoru akademik Dilqəm Tağıyev magistrantlar ilə görüşüb. Akademik bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Strasburq Universiteti (UNISTRA) arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Sazişə görə, tərəflər bir sıra elm sahələri, o cümlədən kimya və kimya mühəndisliyi, materialşünaslıq sahələrində təhsilə, elmi-texniki inkişafa, tədqiqat işlərinə dəstək vermək, birgə konfranslar və seminarlar təşkil etmək, gənc tədqiqatçıların - bakalavrların, magistrantların, doktorantların birgə elmi layihələrdə iştirakını dəstəkləmək, eyni zamanda, AMEA, ADNSU və UFAZ-ın elmi kadrlarının və tələbələrinin qarşılıqlı təcrübə keçməsi üçün birgə proqramların hazırlanması, cihaz və avadanlıqlardan birgə tədqiqatların aparılması üçün istifadə edilməsinə şərait yaradılması və s. barədə razılığa gəliblər.
Akademik qeyd edib ki, sözügedən sənəd birgə təcrübə mübadiləsinin keçirilməsində, elmi tədqiqatların aparılmasında mühüm rol oynayacaq. Təcrübədə olduqları müddətdə laboratoriyalarda tədqiqat işlərini aparmaq üçün magistrantlara hər cür şərait yaradılacaq.
Qeyd edək ki, təcrübə proqramı institutun Kimyəvi- texnoloji proseslərin modelləşdirilməsi, Katalizatorların hazırlanması, Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları, Nanoelektrokimya və elektrokataliz, Ekoloji kataliz və digər laboratoriyalarda çalışan ixtisaslı mütəxəssislərin iştirakı ilə həyata keçiriləcək.
Proqramda UFAZ-ın fiziki kimya və kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan 8 magistrant iştirak edəcək. Magistrantlar 5 həftə ərzində təhkim olunduqları şöbələrdə əvvəlcədən təsdiq olunmuş mövzular üzrə elmi-tədqiqat işləri aparacaq və sonda apardıqları işlərin yekunu olaraq referat hazırlayıb universitetə təqdim edəcəklər.