Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ABŞ-nin nüfuzlu universitetlərinə tam təqaüdlü doktorantura pilləsinə qəbul olan Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbələri Xaqan Kərimov, Sənan Həsənov, İsa Cəfərov və Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Rəşad Əhmədovla görüşüb.
Tehsil.biz xəbər verir ki, tələbələri təbrik edən rektor onlara təhsillərinin yeni pilləsində uğurlar arzulayıb. Elmar Qasımov Azərbaycanın intellektual əsgərləri olan tələbələrə ölkəmizi və Ali Məktəbi layiqincə təmsil etməyi tövsiyə edib.
Xaqan Kərimov, Sənan Həsənov və İsa Cəfərov Kompüter elmləri ixtisasının kibertəhlükəsizlik istiqaməti üzrə, Rəşad Əhmədov isə Kimya mühəndisliyi üzrə birbaşa doktorantura pilləsinə qəbul olaraq tam təqaüd qazanıblar.
Tələbələr bir neçə universitetə qəbul olsalar da, araşdırma maraqlarına uyğun olaraq, Xaqan Kərimov Yuta Universiteti, Sənan Həsənov Mərkəzi Florida Universiteti, İsa Cəfərov Nyu-York Şəhər Universiteti, Rəşad Əhmədov isə Roçester Universitetini seçib.