Logo

Dillər Universitetində idman yarışlarının qalibləri mükafatlandırılıb

21.04.2022 20:14 427 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) idman zalında “Narkomaniyaya yox deyirik” şüarı altında fakültələrarası idman yarışının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

ADU-dan bildirilib ki, Tələbə Həmkarları İttifaqı Komitəsinin dəstəyi ilə keçirilən yarışda 200-ə yaxın tələbə iştirak edib, 80-nə yaxın tələbə diplom və medallarla təltif olunub.

Universitetin rektoru akademik Kamal Abdulla ölkəmizdə idmanın dövlət siyasəti olduğunu bildirib, idmana olan diqqət və qayğıdan danışıb:

“Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlara imza atılmaqdadır. Gənclərin sağlam həyat tərzi sürməsi və Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil etməsi vacib məsələlərdəndir. Ona görə də hər birimiz dövlətimizin sağlam vətəndaşlarının gələcəyi və idmanın təbliği ilə bağlı işlərə xüsusi diqqətlə yanaşmalıyıq. Prezident İlham Əliyevin idmana olan qayğısı hamımıza məlumdur, dünya və Avropa səviyyəsində keçirilən yarışlarda yüksək nəticələrin əldə olunması hər birimizi sevindirir. Siz öz addımlarınızla, öz davranışlarınızla örnək olmalısınız. İdmana olan sədaqətiniz sizin davranışlarınızda, münasibətinizdə də özünü göstərməlidir”.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəhra Hüseynova gənclərin idman sahəsində əldə etdiyi uğurları diqqətə çatdırıb. Qeyd olunub ki, ADU tələbələri hər zaman həm təhsildə, həm də idmanda yüksək nəticələrə nail olub.

Yarışda Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin oğlanlardan ibarət komandası və Filologiya fakültəsinin qızlardan ibarət voleybol komandası birinci yerə layiq görülüb.

Qaliblər diplom, kubok və medallarla təltif olunublar.

Xəbər lenti