Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasovun “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” kitabının təqdimat mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbiri açan BANM-in rektoru Elmar Qasımov iştirakçılara akademikin mənalı həyat yolu, zəngin elmi və bədii-publisistik yaradıcılıq fəaliyyəti haqqında məlumat verib. O, Vaqif Abbasovun BANM-in dostu olduğunu, Ali Məktəbin professor-müəllim heyəti və tələbələrinin onu dərindən tanıyaraq böyük ehtiram göstərdiklərini bildirib. Rektor geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabın Ali Məktəbin tələbələri üçün də tarixi şəxsiyyətləri və onların həyat yolunu öyrənmək baxımından dəyərli mənbə olacağına əminliyini ifadə edib.
Kitabın müəllifi Vaqif Abbasov çıxışında BANM-də bu cür tədbirin təşkilinə görə Ali Məktəbin rəhbərliyinə təşəkkürünü bildirərək qeyd edib ki, indiyədək 4 cildi nəşr edilmiş “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” kitabını yazarkən 300-ə yaxın mənbədən istifadə edib. Müəllif bəşəriyyətin dahi, fateh, böyük alim və müdrik insan kimi tanıdığı şəxsiyyətlərdən bəhs edən silsilə kitabın ilk cildinin 2010-cu ildə nəşr olunduğunu və hazırda V cildin hazırlandığını əlavə edib. Akademik qeyd edib ki, 19 nəfər dahi, müdrik şəxsin yer aldığı yeni çap olunmuş IV cildin ilk məlumatları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqındadır.
Millət vəkili Etibar Əliyev çıxışında bu kitabın təqdimatının Azərbaycanın aparıcı ali məktəblərindən biri olan BANM-də keçirilməsinin gənclər üçün faydalı olduğunu və nəşrin hər kəsin şəxsi kitabxanasında yer tutacağına əminliyini bildirib.
Kitabda haqqında bəhs edilən şəxslərdən biri olan Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev müəllifə təşəkkürünü bildirərək bu kitabın qiymətli mənbə olduğunu qeyd edib. O, gənclərə kitab oxumağın, mütaliənin əhəmiyyətindən də bəhs edib.
YAP Xətai rayon təşkilatının sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bu kitabın dövlətə, elmə, ziyalılığa verilən qiymətli töhfə olduğunu qeyd edib. O vurğulayıb ki, “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” kitabı gənclərə yol göstərəcək cığırdır və BANM-də yetişdirilən yüksəksəviyyəli mütəxəssislər də bu topludan faydalanacaqlar.
Sonda tələbələrin sualları cavablandırılıb, onlara “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” kitabı hədiyyə olunub.