Logo

Gəncə Təhsil İdarəsi: Həmin şagirdlər arasında əvvəl də konflikt olub

19.04.2022 14:39 526 baxış
IMG

Gəncə şəhər 8 saylı məktəbin şagirdləri arasında baş verən insidentə aydınlıq gətirilib.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyev jurnalistlərə açıqlamasında xəstəxanaya yerləşdirilən şagirdin vəziyyətinin hazırda kritik olmadığını deyib.

O qeyd edib ki, hadisə məktəbin dəhlizində baş verib: “Zərərçəkmiş məktəbli dərhal xəstəxanaya yerləşdirib. Lazımi tədbirlər görülüb. Həkimlərin rəyinə görə, vəziyyəti kritik deyil, bir neçə gün xəstəxanada qalması tövsiyə edilib. Bu baxımdan da 3 gün ərzində şagirdimiz xəstəxanada qalacaq və həkimlərin nəzarətində olacaq”.

Təhsil İdarəsinin rəhbəri bildirib ki, hələlik hadisənin hansı səbəbdən baş verməsi məsələsinə tam olaraq aydınlıq gətirilə bilmir: “Polisin rəyini gözləməli olacağıq. Məlumata görə, şagirdlər arasında bundan əvvəl də konflikt olub”.

Qeyd edək ki, Gəncədəki Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə 9-cu sinif şagirdi olan qız sinif yoldaşının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirib. Xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti