Logo

Türkiyəli tələbə “Semaşko”da problemlə üzləşdi

18.04.2022 12:21 565 baxış
IMG

Daxili qanaxma riski ilə 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) müraciət edən türkiyəli tələbə problemlə üzləşib.

Tehsil.biz xəbər verir ki, bu barədə Çağla Acar adlı şəxs “Twitter”də məlumat paylaşıb.

O, sözügedən hadisənin dostunun başına gəldiyini qeyd edərək xəstəxanalarda tibb işçilərinin laqeyd münasibətindən şikayətlənib:

“Ötən gün dostum Azərbaycanda dövlət xəstəxanası olan Kliniki Tibbi Mərkəzə (Semaşko) gedib və həkim tərəfindən qəbuledilməz bir münasibətlə qarşılaşıb. Həkim onun şikayətini belə dinləmədən laqeyd münasibət sərgiləyərək onu evinə göndərməyə çalışıb. 40 dəqiqə bir otaqda gözlədiblər. Daha sonra insana rəva bilinməyəcək tərzdə müayinə tətbiq edən həkim bir diaqnoz qoyaraq otağı tərk edib".

Sosial şəbəkə istifadəçisi qeyd edib ki, dostu xəstəxanaya daxili qanaxma riski ilə gedib:

"Bu şikayətə həkim gözü ilə diaqnoz qoymaq olarmı? Dostum sonra həkimi tapa bilməyib və otağa gedərək ona hər hansı dərman yazılıb-yazılmayacağını soruşub. Oradakı işçilər isə onun kobud şəkildə otaqdan çıxmasını tələb ediblər. Ailəsinin qardaş ölkə bilib göndərdiyi bir yerdə tələbəyə, qonaq şəxsə münasibət budur? Bu hansı etik, əxlaqi davranışlara sığır? Bu tələbə Azərbaycandakı dövlət xəstəxanasının səhlənkarlığı səbəbindən həyatını itirsəydi, bunun məsuliyyətini kim daşıyacaqdı? Kim cavabdeh olacaqdı? Hətta dostum bir gün öncə müraciət etdiyi başqa bir tibb müəssisəsində ondan qeydiyyatdan kənar pul tələb edildiyini də dedi. O, pul verməyəcəyini dedikdə isə ona hörmətsiz bir şəkildə cavab verilib. Eşidəndə çox təəccübləndim".

"Dostum o vəziyyətdə başqa bir xəstəxanaya gedib, orada da gözəyarı bir diaqnoz qoyublar. Dostum ağzından hələ də qan gəldiyini dediyi halda isə “bəyənmirsənsə, başqa xəstəxanaya gedə bilərsən” deyə cavab veriblər. Mən başa düşmürəm, dövlət xəstəxanasında daxili qanama riski ilə müraciət edən pasiyent üçün 1 saatın belə hökmü varkən bu şəkildə müayinə edərlər? Bu, rəsmən şəxsi ölümə tərk etmək deməkdir”, - deyə narazı şəxs qeyd edib.

​​​​​​

Xəbər lenti