Aprelin 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Fizika Günü" tədbiri keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbir Fizika fakültəsi tələbələrinin hazırladıqları çoxsaylı və bir-birindən maraqlı təcrübələrin nümayşi ilə başlamış, daha sonra universitetin böyük akt zalında davam edib.
Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, 2017-ci ildən Fizika günü kimi keçirilib. Builki tədbir isə Qarabağ zəfərinin şərəfinə vətənpərvərlik mövzusuna həsr edilib.
Fizika kafedrasının dosenti, fizika üzrə elmlər doktoru Namiq Niftiyevin və Fizikanın tədrisi texnologiyası kafedrasının müəllimi pedaqogika üzrə fəlsəfə doktoru Xanlar Həşimovun ifa etdikləri musiqi nömrəsi, qədim Azərbaycan xalq rəqsi “Uzundərə”, Azərbaycan ədəbiyyatı tarixinə xəlqiliyi, realizmi gətirən böyük şairimiz Molla Pənah Vaqifin əsərlərindən nümunələr, müxtəlif səhnəciklər, fakültə tələbələrinin ifasında Qafqaz xalqlarının milli rəqsləri və mahnıları tədbir iştirakçılarının marağına səbəb olub.
Tələbələrin hazırladıqları "Fizikada ziddiyyətli fikirlər” səhnəciyi də çoxsaylı qonaqların alqışı ilə müşayiət olunub.
Tədbir Fizika fakültəsinin himni ilə yekunlaşıb.