Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında olublar.
Tehsil.biz xəbər verir ki, məlumatlandırma məqsədilə keçirilən görüşdə TTKF-in sədr müavini Bəhruz Əzimov və Fondun əməkdaşı Ağca Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Təhsil Nazirliyinin tabeliyində yaradılmış TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları,təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat veriblər.
2021 – 2022 tədris ili üçün qeydiyyatdan keçmiş tələbələr haqqında müzakirələr edib, Fondun əməkdaşlarının təhsil tələbə kreditləri haqqında təqdimatından sonra məsul şəxslərin və tələbələrin sualları cavablandırılıb, təklifləri qeydə alınıb. Vurğulanıb ki, Fondun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemi vasitəsilə təhsilin əlçatanlığını təmin etməkdir.
Qeyd edilib ki, payız semestri ərzində TTKF-də 76 müraciət rəsmiləşdirilib: 18 tələbəyə sosial, 58 tələbəyə standart kredit verilib.
Görüşdə tələbələrin TTKF-in yaratdığı imkanlardan geniş istifadə edə bilmələri üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş tələbə ictimai təşkilatlarının təmsilçilərinin suallarının cavablandırılması ilə başa çatıb.