Logo

Azərbaycan Universiteti ECAR layihəsinin növbəti təliminə ev sahibliyi edib

11.04.2022 16:52 397 baxış
IMG

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsinin “Liderliyin əsasları” mövzusuna həsr olunmuş bir günlük təliminə Azərbaycan Universiteti ev sahibliyi edib. 

Tehsil.biz xəbər verir ki, Azərbaycan HR İnstitutunun dəstəyi ilə təşkil olunan təlimdə layihənin yerli tərəfdaşı olan 16 ali təhsil müəssisəsinin prorektor və digər rəhbər şəxsləri iştirak edib.

Universitetin rektoru Səadət Əliyeva bildirib ki, ECAR layihəsi çərçivəsində təşkil olunan görüş və təlimlər zamanı aparılan müzakirələr Azərbaycan elminin və təhsilinin inkişafına, ECAR layihəsinin uğurlu icrasına, layihə üzrə müəyyənləşdirilən məqsədlərə nail olunmasına öz töhfəsini verəcək. Rektor çıxışında ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin koordinasiyalı fəaliyyət və sıx əməkdaşlığının Azərbaycan təhsilinin qarşısında daha geniş üfüqlər açacağını və onu daha yüksək pillələrə daşıyacağını da vurğulayıb.

Azərbaycan HR İnstitutunun təsisçisi Emil Hüseynov rəhbərlik etdiyi təşkilatın əsas məqsədinin ölkəmizdə insan kapitalının inkişafına dəstək vermək olduğunu bildirib və ECAR layihəsi ilə tərəfdaşlıqdan məmnunluğunu ifadə edib.

Açılışın ardından “Liderliyin əsasları” təliminə start verilib. Təlim “Fərdi performansın komponentləri”,  “Korporativ performansın komponentləri”, “Motivasiya”, “Maslow teoriyası”, “Herzberg teoriyası”, “Situativ liderlik modeli”, “Feedback verilməsi qaydaları”, “DİSC davranış modeli” mövzularını əhatə edib. Təlimi Azərbaycan HR İnstitutunun əməkdaşı Vüqar Cəfərov aparıb.

Qeyd edək ki, Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsinin koordinatoru Bakı Biznes Universitetidir. 2021-2024-cü illəri əhatə edən layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.

Xəbər lenti