Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə “Elsevier” şirkəti professor-müəllim heyəti üçün “Müəllifin “Scopus”da profilinin idarə olunması, nəşrlərdə sitat verilməsinə təsir edən amillər” mövzusunda vebinar keçirib.
Tehsil.biz xəbər verir ki, vebinarda universitetin 40-a yaxın əməkdaşı iştirak edib.
Elmi-tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva universitetin elmmetrik göstəricilərinin artırılmasının prioritet olduğunu vurğulayıb.
Məlumat verib ki, “Scopus” bazasına universitet alimlərinin çıxışının təmin edilməsi üçün cari ildə imzalanmış müqavilə bu istiqamətdə atılan müsbət addımdır. Universitetlə “Elsevier” şirkəti arasında olan əlaqələrin daha effektiv şəkildə aparılması planlaşdırılır.
“Elsevier” şirkətinin analitik işlər üzrə məsləhətçisi Kirill İvanov çıxışında beynəlxalq elmi nəşrlərdə məqalə çap etdirən və ya çap etdirməyi planlaşdıran, öz tədqiqat portfelinin beynəlxalq ictimaiyyətə görünməsini artırmaq istəyən hər kəs üçün aktual olan məsələlərə toxunub. O, “Scopus”da müəllif profilləri formalaşdırmaq, onu redaktə etmək və nəşrlərə olan istinadları artırmaq istiqamətində mövcud mexanizmlər barədə də ətraflı məlumat verib. Şirkət təmsilçisi universitetin əməkdaşlarının çap olunan məqalələrinə verilən istinadların izlənilməsi və istinadlarla yanaşı, müəlliflərin digər təsir indikatorlarından da danışıb. K.İvanov şirkətlə Elmi-tədqiqat şöbəsinin uğurlu əməkdaşlığının nəticəsi kimi universitetin “Scopus”dakı profilinin çox dəqiq və dolğun olduğunu vurğulayıb.
Vebinarın sonunda professor-müəllim heyətini maraqlandıran suallar cavablandırılıb.