Aprelin 7-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) konfrans zalında Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirilib. Görüşdə ASAPES-in Elmi katibi Bəxtiyar Rüstəmov, Tədris hissəsinin müdiri Nazim Abbasov, fakültə dekanları, inzibati heyət və Akademiyada təhsil tələbə krediti üzrə məsul şəxslər iştirak ediblər.
Tələbə Krediti Fondunun sədr müavini Bəhruz Əzimov Fondun imkanları barədə məlumat verərək mexanizmin üstünlüklərindən danışıb. Müzakirələr zamanı ASAPES əməkdaşlarının təhsil tələbə kreditinə dair təklifləri dinlənilib, sualları cavablandırılıb.
Qeyd edək ki, ötən semestr ərzində Akademiyanın 76 tələbəsi təhsil tələbə kreditindən yararlanıb ki, onlardan 18 tələbə sosial, 58 tələbə isə standart növ təhsil tələbə krediti əldə edib.
Tədbir zamanı qonaqlara ASAPES-də tətbiq edilən son yeniliklər barədə məlumat verilib, həmçinin Multimedia Mərkəzi və Elmi-tədris laboratoriyasına baxış keçirilib və hər iki mərkəzin fəaliyyət istiqaməti onların diqqətinə çatdırılıb.