Logo

Astaralı dahi: Massaçusets Texnologiya İnstitutuna daxil olan Salman Hüseynovla MÜSAHİBƏ

06.04.2022 17:14 402 baxış
IMG

Harada doğulmağınızın fərqi yoxdur: kənddə və ya meqopolisdə. Lazımi səylə hər kəs uğur qazana bilər. Bunu Astara rayonunun Pensər kəndindəki 2 nömrəli məktəb-liseyin XI sinif şagirdi Salman Hüseynov öz nümunəsi ilə sübut edib. O, respublika və beynəlxalq kimya olimpiadalarında mükafatlar qazanıb, bu il isə dünyanın ən yaxşı universitetlərindən birinin - Massaçusets Texnologiya İnstitutunun (MIT) təqaüdünə layiq görülüb.

S.Hüseynov Media.Az-a müsahibəsində həyatdakı əsas məqsədindən, VI sinifdə kimyanın əsaslarını necə mənimsəməsindən, nəhayət, Amerikanın nüfuzlu universitetinə daxil olmasından danışıb.

- Elmə marağınız nə vaxt yarandı?

- Maraq ilk illərdən yaranıb. Məsələ burasındadır ki, atam kimya müəllimidir. Beləliklə, mən elmi kitabların ətrafında böyüdüm və oxumağı başlayanda dərhal onları öyrənməyə başladım. Yadımdadır, beşinci sinifdə məktəb kitabxanasında kimyaya dair ensiklopediya tapdım və onu böyük məmnuniyyətlə oxudum. Məhz o zaman anladım ki, bu sahədə inkişaf etmək istəyirəm.

Artıq altıncı sinifdə oxuyarkən atamın köməyi ilə kimya fənni üzrə bütün məktəb proqramına yiyələndim, halbuki bu dərs yeddinci sinifdən öyrədilməyə başlanır. Ona görə də sonrakı məktəb illərində mən ancaq kimyadan məsələlər həll etdim, bu elmi dərindən araşdırdım. Potensialımı dəyərləndirən valideynlərim fənn olimpiadasında iştirak etməyi təklif etdilər.

- Elmə olan sevginizi nəzərə alsaq, olduqca məntiqli təklifdir...

- Əlbəttə! Yeddinci sinifdə Lənkərandakı “İstək” Liseyinə daxil oldum. Təhsil müəssisəsində bu fənn üzrə olimpiadalarda ixtisaslaşan kimya müəllimi yox idi. Ona görə də biologiyadan olimpiadaya hazırlaşmağa başladım. Bu elm, yeri gəlmişkən, heç də az maraqlı deyil.

Bir ildən sonra lisey bağlandı və mən Pensər kəndindəki 2 saylı məktəbdə təhsilimi davam etdirdim. Səkkizinci sinifdə IX sinif şagirdlərinin biologiya fənni üzrə keçirilən respublika fənn olimpiadasında bürünc medal qazandım.

Sonra kimya olimpiadasında iştirak etmək qərarına gəldim. Atam kənd məktəbində dərs deyirdi. O, hazırlaşmağıma kömək etdi. Doqquzuncu sinifdə kimya fənni üzrə respublika fənn olimpiadasında gümüş, onuncu sinifdə isə artıq qızıl medal qazandım.

- Müəllim atanızdırsa oxumaq çətindirmi?

- Sinifdə atam digər şagirdlərlə necə davranırdısa, mənimlə də elə davranırdı. Evdə isə öyrənmə prosesi həmişə xüsusilə səmimi olurdu. Bunun sayəsində bir-birimizi daha yaxşı tanıdıq.

- Beynəlxalq Kimya Olimpiadasında da iştirak etmisiniz...

- Bəli, iki dəfə Azərbaycan yığmasında iştirak etmişəm. Təəssüf ki, birinci dəfə qalib ola bilmədik. Bununla belə, 2021-ci ildə Yaponiyada keçirilən ICHO - Beynəlxalq Kimya Olimpiadasında üçüncü yeri tutduq. Təəssüf ki, mən heç vaxt bu ölkəyə getməmişəm, çünki koronavirus pandemiyası səbəbindən yarışlar distant şəkildə keçirilirdi. Qeyd edim ki, Azərbaycan uzun illərdir elmi yarışlarda iştirak edir və olimpiadalarda yüksək nəticələr əldə edir. Ona görə də komandamızın hakimlərdən və digər iştirakçılardan gözləntiləri müvafiq idi.

- Etiraf edin, olimpiadaya hazırlaşmaqla neçə gecə yuxusuz qaldınız?

- Bilirsiniz, olimpiadalara hazırlaşmaq ali məktəbə daxil olmaq qədər çətindir. Bu zəhmət tələb edən çox uzun bir prosesdir. Səylərinizin bəhrəsini verib-verməyəcəyi isə il ərzində keçirilən cəmi bir neçə imtahanla müəyyən edilir. Aralarındakı fasilələrdə, necə deyərlər, formada qalmaq üçün bilikləri daim təkmilləşdirmək vacibdir.

Amma yuxusuz gecələrin tərəfdarı deyiləm. Demək olar ki, hər hansı bir mövzu bir neçə saat ərzində öyrənilə bilər. Əgər müəyyən vaxtda öyrənə bilməsəm, mövzunu hissələrə bölürəm. Yaxşı yuxu normal insan həyatı üçün çox vacibdir. Hətta təhsil xatirinə belə, onları qurban vermək olmaz.

- Nə səbəbə xaricdə təhsil almağa qərar verdiniz?

- Beynəlxalq Kimya Olimpiadasında “bürünc” qazandıqdan sonra yerli qəbul imtahanlarından azad olundum. Yəni onlardan keçmədən ölkənin istənilən universitetində pulsuz oxuya bilərəm. Ancaq asan yollar axtarmıram, ona görə də xarici universitetə ​​daxil olmağa cəhd etmək qərarına gəldim. Bundan əlavə, heç kimə sirr deyil ki, ABŞ-da təhsil çox yüksək səviyyədədir.

- Niyə Massaçusets Texnologiya İnstitutunu seçdiniz?

- O, məni birinci kursdan tələbələrin elmi tədqiqatlarda iştirak edə bilməsi ilə cəlb etdi. Mən isə kompüter kimyası ilə bağlı eksperimentlərlə çox maraqlanıram (bu, kompüter metodlarının və diskret riyaziyyatın fundamental və tətbiqi xarakterli kimyəvi məsələlərə tətbiqinə əsaslanan nisbətən gənc sahədir). Kvant kimyasını öyrənməyə başladım və təbii ki, institutun nüfuzu məni cəlb etdi. Axı prestijli universitetlərin məzunlarının dünyanın ən yaxşı şirkətlərində layiqli və yüksək maaşlı iş tapmaq ehtimalı daha yüksəkdir.

- Qəbul olmaq çətin idimi?

- Amerika universitetinə daxil olmaq üçün ingilis dilini bilmək mütləqdir. Mən sərbəst şəkildə bu dili öyrənmişəm, 10-cu sinifdə isə imtahanlara hazırlaşmaq üçün əlavə kurslara getmişəm. Hər universitetin dil sertifikatı ilə bağlı öz tələbləri vardır. Əksər hallarda IELTS (ən azı yeddi xal toplanmalıdır) və ya TOEFL testlərindən keçmək tələb olunur. Mən hər iki imtahanı müvəffəqiyyətlə verdim.

İkinci mərhələdə isə özün haqqında bir neçə esse yazısının hazırlanması tələb olunurdu. Mənim yazılarımın mövzusu isə yaxınlarımın dəstəyi haqqında oldu. Müəllimlərim, dostlarım və doğmalarım bütün bu müddət ərzində mənə çox dəstək olurdular və bütün nailiyyətlərimə sevinirdilər. Həmçinin güclü xarakterik xüsusiyyətlərim və ya maraqlı hobbim haqqında da danışmaq olar. Məsələn, kitab mütaliəsindən və serial izləməkdən əlavə boş vaxtlarımda həm də şəkil çəkməyi çox sevirəm. Sonra isə mən bütün lazımi sənədləri təqdim etdim və onlayn müsahibəyə dəvət aldım.

- Sizə hansı suallar verdilər?

- Suallar əsasən mənim həyatımla bağlı idi. Bu arada müsahibəni abituriyent tam şəkildə özü idarə edə bilər. Məsələn, söhbətin əvvəlində mən olimpiada iştirakçısı olduğumu vurğuladım və söhbəti bu istiqamətə yönəltdim. Bu məsələdə təşəbbüsü öz üzərinizə götürməyi və sizin özünüz üçün əhəmiyyətli olan hər şey barədə danışmağa çalışmağı məsləhət görürəm. Siz bu universitet üçün uyğun və layiqli tələbə olduğunuzu sübut etməli və bu yolla da seçki komissiyasını necə deyərlər, “ələ almalısınız”.

- Buna necə nail oldunuz bəs?

- Düşünürəm ki, məni digərlərindən fərqləndirən əsas məqam fənn olimpiadalarındakı nailiyyətlərim idi. Mənə tez-tez sual verirlər ki, Amerikanın ən yaxşı universitetlərindən birinə necə qəbul olmaq olar? Bu barədə nəsə demək çətindir, çünki hər kəs üçün tövsiyələr birmənalı olmaya bilər. Burada universitetə qəbul prosesi Azərbaycanda olduğu kimi qəbul imtahanlarının nəticələrindən deyil, digər bir çox faktorlardan asılıdır. Hətta attestatdakı qiymətlər də demək olar həlledici rol oynamır. Münsiflər heyəti üzvlərini, məsələn, könüllülük fəaliyyəti, hobbi, idmanla məşğul olma, treninqlər və ya olimpiadalarda iştirak kimi şəxsi keyfiyyətlər daha çox maraqlandırır. Məktəbdə qazanılan nailiyyətlərdən və ingilis dili biliyindən əlavə siz öz qabiliyyətini heç olmasa daha bir sahədə göstərməlisiniz.

- Siz hansı ixtisas üzrə sənədlərinizi təqdim etmişdiniz?

- Massaçusets Texnologiya İnstitutunun tələbələri ikinci təhsil ilində ixtisas seçirlər. Birinci mərhələdə onlar riyaziyyat, kimya, fizika və s. kimi əsas fənləri keçirlər. Təhsilimi hansı fakültədə davam edəcəyimi bilmirəm amma ehtimal ki, bu mənim sevimli elmimlə bağlı olacaq.

- Gəlin universitetə qəbul olunduğunuzu öyrəndiyiniz günü xatırlayaq...

- Bu barədə məktubu gecəyarısı aldım. Düzünü deyim ki, müsbət cavab alacağımı gözləmirdim. Nə gizlədim, əlbəttə ki, çox sevindim. Üstəlik də öyrəndim ki, universitet təqaüdü alacam. Düzdür, bu təqaüdün hansı xərcləri qarşılayacağını hələki dəqiq olaraq bilmirəm. Bütün təfərrüatlar barədə tezliklə məlumatlı olacam.

- Çoxları hesab edir ki, kənd yerlərində yaşayan məktəblilərin uğur qazanmaq şansı yoxdur...

- Buna səbəb zəif təhsil və ya uşaqların bacarıqsızlığı deyil. Problem rayon təhsil müəssisələrində tədris vəsaitlərinin və kifayət qədər informasiyanın olmamasıdır. Bundan başqa, kəndlərdə şagirdlərin məktəbdən kənarda inkişaf etmək imkanları yoxdur. Onlar olimpiada və ya digər müsabiqələrdə iştirak etməkdə məna görmürlər və yalnız məktəb proqramı ilə kifayətlənirlər.
Məncə, əgər insanın hansısa fənnə marağı və sevgisi varsa, onu öyrənməyə daha çox vaxt sərf etməlidir. Əlavə ədəbiyyat oxumaq, mühazirələrdə və ya onlayn treninqlərdə, olimpiadalarda iştirak etmək bu yöndə faydalı ola bilər. Məhz bu sadaladıqlarım mənə dünyanın ən yaxşı universitetlərindən birinə daxil olmağa kömək etdi.

- Həyatda qlobal bir hədəfiniz varmı?

- Mən təhsili yeni səviyyəyə qaldırmaq istərdim və bunu Vətənimdə etməyə başlasam, çox şad olaram. Amma ölkəmizdə bu sahədə hər hansı dəyişikliyin baş verməsi üçün məktəblilər təhsil və ali məktəblərə qəbul prosesinə daha şüurlu şəkildə yanaşmalıdırlar.

Son zamanlar biz Azərbaycanda nə qədər tələbənin öz peşəsi haqqında heç bir təsəvvürü olmadan ali məktəbi başa vurmağının şahidi oluruq. Onların əsas məqsədi isə özlərini stabil işlə təmin etmək üçün diplom almaqdır. Lakin buna baxmayaraq yaxşı mütəxəssis olduqlarını da demək olmaz. Tələbələr asan yollar axtarır və çoxşaxəli inkişafa maraqlı deyillər. Onların dünyagörüşünü dəyişmək lazımdır və bunun üçün də müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsi, həyat tərzinin dəyişdirilməsi önəmlidir.

Xəbər lenti