Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının təşəbbüsü ilə “Ünsiyyət zamanı istifadə olunan kommunikativ vasitələr” mövzusunda elmi seminar keçirilib.
BDU-dan bildirilib ki, seminarda kafedra müdiri professor İlhamə Hacıyeva mövzu üzrə məruzə edib. Qeyd olunub ki, ünsiyyət olduqca mürəkkəb və maraqlı psixi hadisədir.
İ.Hacıyeva məzmunundan asılı olaraq ünsiyyətin müxtəlif növləri haqqında məlumat verib.
Ünsiyyətin bioloji və sosial tərəflərinə toxunan məruzəçi onun vasitəsiz və vasitəli növlərindən söz açaraq bildirib ki, vasitəsiz ünsiyyət heç bir kənar təhrik olmadan ünsiyyət aktıdır, vasitəli ünsiyyət isə vasitəçilərin köməyilə həyata keçirilən ünsiyyət formasıdır.
Məruzədə, həmçinin dildə ekspressivlik və emosionallığın verbal və qeyri-verbal ifadə vasitələri haqqında müxtəlif tədqiqatçıların fikirləri diqqətə çatdırılıb, paralinqvistik vasitələr, superseqment vasitələr, qeyri-verbal kontekst, verbal kontekst kimi anlayışlar təhlil olunub.
Sonra məruzəçi kafedra əməkdaşlarının suallarını cavablandırıb.