Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvarın, universitetin prorektoru Hicabi Kırlanqıçın iştirakı ilə keçirilən görüşdə hər iki ölkə arasında qardaşlıq münasibətlərinə toxunulub, təhsil sahəsində ötən ildən başlayaraq əsası qoyulan əməkdaşlığın perspektivlərindən danışılıb.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağının dünyanın 130-dan çox ölkəsinin ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malik olduğuna qeyd edib. Vurğulayıb ki, hazırda Türkiyənin 80-dən çox ali təhsil ocağı ilə geniş əməkdaşlıq fəaliyyəti mövcuddur. Onların sırasında Ankara Universitetinin xüsusi yeri var.
Elbrus İsayev akademik və tələbə mübadiləsi proqramları ilə bu əlaqələrin daha da genişləndiriləcəyinə əminliyini bildirib.
Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar təmsil etdikləri ali təhsil ocağının beynəlxalq əməkdaşlığında Azərbaycan universitetlərinin xüsusi payı olduğunu qeyd edib.
Bildirib ki, Türkiyənin 10 ən yaxşı universiteti sırasında yer alan Ankara Universitetinin əsası 1946-cı ildə qoyulub. Rektor universitetdə mövcud ixtisaslar, beynəlxalq əlaqələr haqqında məlumat verdikdən sonra deyib ki, 36 ayrı kampusda fəaliyyət göstərən universitetdə 4800 əcnəbi tələbə təhsil alır. Bunlardan 450-si Azərbaycan vətəndaşıdır. Magistratura və doktorantura proqramları sahəsində də əməkdaşlığın perspektivləri barədə danışan Necdet Ünüvar gələcəkdə ikili diplom layihələrinin həyata keçirilməsinin də mümkün olacağını irəli sürüb.
Görüşdə Mövlana Proqramının yenilənməsi, Tibb təhsili ilə bağlı bakalavr, rezidentura pillələrində təcrübə, Ankara Universitetində qurulmuş Big Data mərkəzində praktiki təcrübə keçmək imkanı, bakalavr səviyyəsində Tarix, Biologiya, Elektrik və elektronika, Kompüter mühəndisliyi, Kimya ixtisasları, Magistratura pilləsi üzrə Klinik psixologiya ixtisası istiqamətində birgə təlimin keçirilməsi müzakirə olunub. Tədris və tədqiqatın təşkil edilməsi, Konservatoriya ixtisasları üzrə NDU-nun təcrübəsinin Ankara Universiteti ilə paylaşılması məsələlərinə də diqqət yetirilib.
Sonra rektorlar Naxçıvan Dövlət Universiteti ilə Ankara Universiteti arasında akademik sahədə əməkdaşlıq protokolunu imzalayıblar.
Qeyd edək ki, protokola əsasən tərəflər qarşılıqlı olaraq maraqlarına uyğun akademik və elmi mövzulardakı fəaliyyətlərində bir-birinin imkan və təcrübələrindən faydalanacaq, professor-müəllim mübadiləsi aparacaq, dərs, müşavirə, tədqiqat və oxşar fəaliyyətlərdə, tədris və tədqiqat məqsədilə hər növdən kitab, elmi nəşrlər və oxşar materialların qarşılıqlı mübadiləsini həyata keçirəcəklər. Birgə tədqiqat layihələrinin və elmi yığıncaqların keçirilməsi də protokolda öz əksini tapıb.