Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Nuridə Şirinzadə hazırda təhsilini İspaniyanın Madrid şəhərindəki Alkala Universitetində davam etdirir.
Tehsil.biz xəbər verir ki, o, Erasmus+ tələbə mübadilə proqramı çərçivəsində bir semestr həmin ali məktəbdə təhsil almaq hüququ qazanıb.
Təəssüratlarını bölüşən Nuridə Şirinzadə belə bir şansı qazanmağı təhsil və gələcək karyerasında uğurlu addım hesab edir: “Məncə, ölkəsindən kənarda müstəqil həyata atılan 20 yaşlı gənc üçün həm Avropa mədəniyyəti, həm də burada olan bir çox xarici tələbələr vasitəsilə digər ölkələrin də mədəniyyətini tanımaq dünyaya yeni bir baxış bucağı açır. Bu həm də bizim gələcək hədəflərimizi daha da böyüdür. Bizə bu təcrübəni yaşatdıqları üçün BANM rəhbərliyinə və bütün əməkdaşlara təşəkkür edirəm”.