Logo

BDU-nun Filologiya fakültəsində “Çexiyada türk dillərinin öyrənilməsi” mövzusunda elmi seminar keçirilib

03.04.2022 15:38 436 baxış
IMG

BDU-nun Filologiya fakültəsində “Türkoloji araşdırmalar” ETL-in təşəbbüsü ilə “Çexiyada türk dillərinin öyrənilməsi” mövzusunda elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda Elmi işlər üzrə dekan müavini Mehriban Əlizadə, “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in müdiri Nəzakət Hüseynova və “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları iştirak ediblər.

Mövzu ilə bağlı məruzə edən “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Suqra Rəhmanova türkologiyanın tarixindən söz açıb, çex türkoloqlarının  fəaliyyəti haqqında məlumat verib.  Bildirib ki, Çexiyada türk dillərinin öyrənilməsinə, ümumən, türkologiyaya xüsusi maraq göstərilmiş, ötən yüzillikdə isə bu maraq daha da artmışdır. Bu elm sahəsinə diqqətin artması isə Çexiyada çoxsaylı araşdırmaların aparılmasına geniş meydan açmışdır. Son dövrlərdə həmin ölkədə türkoloji mərkəzlərin fəaliyyətinin genişlənməsi və türkologiyaya marağın çoxalması bu mövzunu aktuallaşdırır. Bu baxımdan seminarın məqsədi türk dillərinin öyrənilməsində mühüm xidmətləri olmuş çex türkoloqları və Çexiyadakı əsas türkoloji mərkəzlər haqqında məlumatlar toplamaq, türkoloji dilçiliyin nəzəri məsələləri və müasir problemleri haqqında çex türkoloqlarının tədqiqatlarını təhlil etməkdir.

Sonra dekan müavini Mehriban Əlizadə, “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in müdiri Nəzakət Hüseynova, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları – Ramil Bayramov və Pərvin Eyvazov mövzu ilə bağlı çıxışlar ediblər. Çıxışlarda seminarın mövzusunun aktuallığından, çex-Azərbaycan ədəbi əlaqələrindən danışılıb, laboratoriyalararası elmi əməkdaşlığın prioritetləri, türkologiyanın aktual problemlərinə diqqət ayırmağın vacibliyi nəzərə çatdırılıb.

Xəbər lenti