Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Gənclər Təşkilatının (TGT) Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən "Dil-İnkişaf" klubu ilə əməkdaşlığı çərçivəsində növbəti layihə həyata keçirilib.
Tehsil.biz xəbər verir ki, “Hədəf 10%” proqramı çərçivəsində baş tutan "What's up" adlı layihə Salyan rayonunda reallaşıb. Layihənin təşkilatçısı BANM-in Biznesin idarə edilməsi ixtisasının 1-ci kurs tələbəsi Əflan Bədəlovdur.
Salyan Amerika Mərkəzində baş tutan tədbir tələbələrin xarici dil bacarıqlarının inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilib. Tədbirdə iştirakçılar müxtəlif maraqlı oyunlarda və danışıq klublarında iştirak ediblər. Tədbir iştirakçılarına həmçinin layihə və Azərbaycanda ali təhsil müəssisələri haqqında ətraflı məlumat verilib.
"What's up" adlı layihədə BANM və DGKA tələbələri ilə yanaşı, BSU, BDU, AZTU, ATU, UNEC, ADA Universitetinin tələbələri və Salyan gəncləri iştirak ediblər.
Tədbir sual-cavab hissəsi ilə davam etdirilib. Sonda ən aktiv beş gənc "Dil-İnkişaf" klubunun ənənəvi sertifikatları ilə təltif olunub.