Logo

BDU-da “Müasir Azərbaycan dilində orfoqrafiya problemləri” mövzusunda elmi seminar keçirilib

01.04.2022 16:06 334 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Azərbaycan dilinin tətbiqi məsələləri” elmi-tədqiqat laboratoriyasının təşəbbüsü ilə “Müasir Azərbaycan dilində orfoqrafiya problemləri” mövzusunda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan laboratoriya müdiri Əliheydər Ağakişiyev iştirakçılara orfoqrafiya lüğətləri və onların tərtibi qaydaları haqqında məlumat verib, bu lüğətlərin tərtibində elmi-sistematik yanaşmanın əsas götürülməsini diqqətə çatdırıb.

Mövzu ilə bağlı məruzə edən Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, laboratoriyanın kiçik elmi işçisi Səbinə Vəliyeva orfoqrafiya qaydaları ilə bağlı problemli məqamları dil faktları əsasında təhlil edib. Bildirib ki, orfoqrafiya lüğətləri tərtib olunan zaman fonetik, morfoloji, tarixi-ənənəvi, fərqləndirici və etimoloji prinsiplər qorunub saxlanılmalıdır.

Orfoqrafiyanı sosial norma hesab edən və onun dəyişdirilməsinin problemlər yaratdığını söyləyən məruzəçi qeyd edib ki, düzgün yazı qaydaları məhz mətnin fonoestetikasının əsasını formalaşdırır.

Sonra məruzə ətrafında çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb.

Xəbər lenti