Logo

ABŞ səfiri Lənkəran Universitetində Amerika Guşəsinin açılışında iştirak edib

01.04.2022 15:13 346 baxış
IMG

ABŞ səfiri Li Litzenberqer Lənkərana səfər edib.

APA-nın cənub bürosunun xəbərinə görə, bu gün baş tutan səfər çərçivəsində ilk olaraq Lənkəran Dövlət Universitetinin III korpusunda ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən təşkil olunan kompüter laboratoriyasının açılışı olub. 17 yeni kompüter tələbələrin istifadəsinə verilib.

Gənclərin və qadınların iqtisadi dayanıqlığının gücləndirilməsinə yönəlmiş 1 milyon dollarlıq 3 illik layihə çərçivəsində USAID və BMqT tələbələrə informasiya texnologiyaları, kompüter elmləri və dillər üzrə təhsil almaq üçün daha yaxşı imkanlar yaratmaq məqsədilə Azərbaycandakı təhsil müəssisələrində 5 USAID kompüter laboratoriyası yaradılıb. Bu laboratoriyalarla yanaşı USAID Azərbaycan Dövlət Aqrar Universiteti ilə birgə ABŞ-ın Oklahoma Dövlət Universiteti ilə ikili diplom proqramı, həmçinin İtaliyanın "Ferrero" kənd təsərrüfatı firması ilə birgə fındıq istehsalı üzrə texniki sertifikat proqramı həyata keçirib.

Həmçinin Lənkəran Dövlət Universitetin II korpusunda yerləşən Lənkəran Amerika Guşəsinin açılışı olub. Açılış mərasimində səfir Litzenberger iştirak edərək yerli icma üçün müxtəlif təhsil və mədəniyyət imkanlarının mərkəzi olan Amerika Guşəsinin əhəmiyyəti barədə qısa məlumat verib: “Amerika Guşələri və xalqlarımız arasında əlaqələrimiz Azərbaycan vətəndaşları ilə münasibətlərimizin təməl daşıdır. Burada görəcəyimiz iş – ingilis dili proqramları, gənclərin cəlb edilməsi, iş və təcrübə artırılması üzrə kurslar insanların həyatında müsbət fərq yaradacaq. İngilis dili dünyaya, daha zəngin həyata və yaxşılaşdırılmış məşğulluq perspektivlərinə körpüdür. Dünyanın daha çox hissəsi şəhərinizin təbii gözəlliyi və inanılmaz mədəni irsi haqqında öyrəndikcə, turistlərin sayı artacaq".

Lənkəran Amerika Guşəsinə yeni avadanlıq, texnologiya və materiallar təqdim olunacaq. Guşə dil öyrənmək və təhsil proqramları üçün artıq açıqdır.

Amerika Məkanları (American Spaces) proqramı Azərbaycan Dillər Universitetində yerləşən öndə olan Bakı Amerika Mərkəzi və Gəncə, Kürdəmir, Salyan, Xaçmaz və Şəkidə yerləşən, indi isə Lənkəranda açılan Amerika Guşələrini birləşdirir. Mərkəz və Guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Maker Space-də (Yaradıcılıq Məkanında) yüksək innovativ texnologiya layihələrində iştirak etmək imkanları yaradır. Guşələr, bacarıqların artırılması üzrə peşəkar proqramlar həmçinin, mühazirələr, ingilis dili danışıq klubları və hər bir icma nümayəndəsi üçün təcrübələrinin artırılması üzrə peşəkar proqramlar təklif edir.

Xəbər lenti